Nərimanov rayonunda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama aparılıb

06.05.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Rasim Abdulla oğlu Ağcayevə məxsus olan dondurulmuş yarımfabrikatların emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, yarımfabrikatlar üçün sürətli dondurma avadanlığının olmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən edilib. Dondurucu kameralarda saxlanılan yarımfabrikat məhsullarının etiketlənmədiyi və emal tarixləri barədə qeydlərin aparılmadığı aşkarlanıb.

Nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin və ətin mənşəyinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью