Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Nəriman Əbdurrəhmanlı Arif Əmrahoğlunun təqdimatı ilə tanıdım...
Əvvəlcə, tələbəlik illərimdə getdiyim bir tədbirdə atasını, əslən Bolnisi rayonu Aşağı Qoşakilsə kəndindən olan təəssübkeş ziyalımız, ovaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) müəlllimi Loğman Nəsibovu tanımışam...
Son dərəcə istiqanlı, təmkinli, nəzakətli insan olan Loğman müəllimlə tez-tez Milli Kitabxana həndəvərində rastlaşır, ayaqüstü hal-əhval tutur, bəzən də Sahil bağında gəzişir, elmdən, gün-güzərandan, daha çox da Borçalıdan söhbət eləyirdik.
O söhbətlərin birində də oğlu Nəsibin yenicə universitetin tarix fakültəsini bitirdiyini, Akademiyanın Şərqşünaslıq İnstitutunda işlədiyini söyləmişdi.
Səksəninci illərin ortalarında isə Bakıya səfərlərimin birində, Akademiyanın Nizami adına Ədəbiyyat İnstututunda işləyən köhnə döstum, mərhum Arif Əmrahoğluna baş çəkəndə məni artıq rastıma çıxan məqalələrindən imzasını tanıdığım Nəsib Nəsibzadəylə (o vaxt soyadı beləydi) tanış elədi.
Elə ilk görüşdəcə təxminən yaşıdım olan (sonralar öyrəndim ki, 1956-cı il sentyabrın 15-də, Bakının qurtuluşu günü dünyaya gəlib) artıq namizədlik dissertasiyasını uğurla müdafiə eləmiş, yüksək erudisiyalı, təəssübkeş, istiqanlı oğlanı özümə “bir köynək yaxın” saydım.
Onda, yaddaşım aldatmırsa, Nəsib İran İslam Respublikasına, su-elektrik stansiyasının tikintisində tərcüməçi kimi işləməyə getmək üçün hazırlaşdığını söyləmiş, hətta tarix fakültəsini bitirmiş adamın fars dilinə bələdliyi məni xeyli təəccübləndirmişdi.
Onda Arif Əmrahoğlu özünəxas tərzdə, hərarətlə, inandırıcı dəlil-sübutlarla Nəsib Nəsibzadənin insani keyfiyyətlərindən də, elmi potensialından da, milli təəssübkeşliyindən də ağızdolusu danışmışdı...