Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva ilə tanışlığımızın bu il 41 ili tamam oldu. Bu dəfə Daşkənddə görüşəndə Nəsibə xanım həmin tələbəlik illərimi xatırladı. Nəsibə xanımın unikal yaddaşı var. Ötən illərin ayını, gününü yaddaşında saxlamağı Tanrı ona bəxş edib.
Mən hər dəfə Türk dünyasının parlaq ulduzu ilə görüşəndə, söhbət edəndə, yenidən onu kəşf etmiş oluram. Onun fəlsəfi fikirləri, dünyada baş verən ictimai-siyasi hadisələrə verdiyi qiymət, ayrıca Azərbaycan və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarındakı maraqlı məqamları belə yadda saxlaması insanı valeh etməyə bilmir.
Hələ Azərbaycanın klassik kinolarındakı bütün dialoqları əzbər bilməsini bilsəniz, məəttəl qalarsınız. Bəzən söhbət edəndə həmin filmlərdəki dialoqlardan birini elə yerində işlədir ki, fikirləşirsən ki, bu qız kinoensiklopediyasıdır.
Biz bu dəfə Daşkənddə olanda həm də Özbəkistan Respublikasının Müstəqilliyinin 35 ili idi. Möhtəşəm bayram tədbirinə dəvət olunan azərbaycanlı həmkarlarımızın içərisində mən də var idim.
Konsertin aparıcısı Nəsibə Abdullayevanı təqdim edəndə bütün tamaşaçılar onu bir ağızdan alqışladılar. Və hər kəs onun oxuduğu mahnıya oynayırdı.
Ümumiyyətlə, özbəklər deyib-gülən, oynayan xalqdırlar. Bu ölkədə oxuduğum, yaşadığım və işlədiyim illərdə hər zaman konsert saraylarının qarşısını insanlarla dolu görmüşəm. Sənəti və sənətkarı dəyərləndirməyi bacarırlar.
Bəlkə elə bu səbəbdəndir ki, Nəsibə Abdullayevanın hələ 32 yaşı olanda ona mərhum İslam Kərimov “Özbəkistanın xalq artisti” adını vermişdi.
Azərbaycanın və Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanı özbək xalqı çox sevir. Onun səhnədə özünü aparmasına, ucuz şoulara qatılmamasına görə ona böyük rəğbət bəsləyirlər. Nəsibə xanımın adı gələndə heyranlıqlarını ifadə edirlər.
Nəsibə Abdullayeva Özbəkistanda həm də mərhəmətli bir xanım kimi tanınır. Onun bu mərhəmətindən yaranan bir hadisə haqqında danışmaq istəyirəm.
Həmin axşam konsert proqramından sonra Nəsibə xanım musiqi kollektivinin üzvləri ilə çay süfrəsində oturarkən gözləri görməyən, əlil bir balaca qızın onun mahnılarını çox gözəl ifa etdiyini, özü isə o qızın görüşünə getmək istədiyini deyir. Nəsibə xanımın ansamblının üzvləri bir səslə deyirlər:
“Biz də gedəcəyik!”
Səhərisi gün, avqustun 24-də Daşkənddən uşaq üçün hədiyyələr, musiqi alətləri alıb Tacikistanın Soğd vilayətinin Zarnisor kəndinə yola düşürlər.
Zarnisor kəndinə gələndə balaca qızcığaz Vəslida Səfərovanın yaşadığı evin ətrafında çoxlu insanın toplandığını görürlər.
Daşkəndə qonaq olduğumuz günlərdə Nəsibə xanım Abdullayevanın “Instagram” lentinə baxanda bir kənd evində, yerdə açılmış süfrə arxasında çoxlu insanların arasında oturduğunu görüb fikirləşdim ki, yəqin, Tacikistandakı qohumlarından kiminsə evinə gedib. Sonra isə bir balaca əlil qızla mahnı oxuduğunu gördüm.
Bu dəfəki Özbəkistan səfərimiz zamanı Daşkənddə Nəsibə xanım bizi qonaq çağıranda həmin görüntülərlə maraqlandım. Nəsibə xanım Abdullayevanın dediklərindən:
– Bu il avqust ayının sonlarında “Instagram” səhifəsində Tacikistandan olan balaca, əlil bir qızın əlində bir cüt kişi ayaqqabılarını divara döyərək “Bəri gəl” mahnısını oxuduğunu izlədim və çox təsirləndim. Səhifənin sahibinə yazdım ki, sizə nə kömək edə bilərəm? Qızın valideyni cavab verdi ki, əgər həqiqətən də Nəsibə xanımın özüsünüzsə, sağlığınız bəsimizdir. Sadəcə bir dəfə qızımı sizinlə görüşdürərdim.
Dedim ki, siz zəhmət çəkməyin, biz özümüz gəlib balacanı ziyarət edəcəyik.
Atası ilə yazışdıq. Və bizə uyğun günü evlərinə getdik. Onun üçün professional sintezator və digər musiqi alətləri də aldıq. Uşağa aid xeyli hədiyyələr apardıq.
Balaca Vəslida Səfərovanın həyətində bir toy ab-havası var idi. Qızcığazı yanıma gətirdilər. Əlindən tutdum. Atası soruşdu:
– Sənin əlindən tutan kimdir?
Dedi ki, Nəsibə Abdullayeva.
Bilirsinizmi, bu qızın gözləri görmür. 9 yaşı olsa da, 4 yaşında uşaq kimi görünür. Lakin tacik, özbək, rus və ingilis dillərində danışır. Bunları anası öyrədib ona.
Musiqini duymaq, tempini tutmaq qabiliyyəti var. Biz sintezatoru açıb ona təqdim edəndən 15 dəqiqə sonra artıq sintezatorda çalmağa başladı.
Belə fikirləşdim ki, dünya işığını görə bilməyən, bir rəng, bir tablo tanımayan balaca əlil bir qıza gör Allah nə qədər istedad verib.
Biz dünyaya gəlmişik ki, bir yıxılanı qaldıraq, bir ehtiyacı olan insana əl tutaq. Balaca Vəslidənin isə maddiyata heç bir ehtiyacı yoxdur, tam təminatlı ailədə böyüyür.
Nəsibə xanımın balaca Vəslidəni ziyarətindən sonra Özbəkistanın və Tacikistanın tanınmış insanları onun evinə axın edirlər.
Bu günlərdə isə balaca Vəslidə Azərbaycana gələcək. Nəsibə xanımın İsraildə yaşayan yaxın həkim dostu da bu günlərdə Bakıda xəstə qəbulu edir. Vəslidəni də müayinə edəcək.
Bax belə bir xanımdır Nəsibə Abdullayeva.
Bütün titullarının sonunda isə Gözəl ANA, sevimli NƏNƏ, ali İNSANdır!
Aida Eyvazlı Göytürk