Nəsillər: X dən Alfaya dək

03.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nəsillər və rəqəmsal dünya: X, Y, Z və Alfa texnologiyaya necə baxır?

Bakı, 3 sentyabr, AZƏRTAC

Müasir cəmiyyətdə ana ilə qızın, ata ilə oğulun bir-birini anlamaması, yaşlı nəslin gəncləri qəbul etməkdə çətinlik çəkməsi və gənc nəslin tez-tez qınaq obyektinə çevrilməsi geniş yayılmış problemlərdəndir. Bu fərqlər yalnız yaşla deyil, insanların formalaşdığı tarixi, sosial, iqtisadi və texnoloji mühitlə də bağlıdır. Nəsillər nəzəriyyəsi uzun illərdir araşdırılır və müxtəlif nəsillər təxminən 15-20 illik dövrlərlə bir-birini əvəz edir. Dünya müharibələri, iqtisadi böhranlar, elmi-texniki tərəqqi və cəmiyyətdə baş verən digər dəyişikliklər nəsillərin dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında psixoloq Zümrüd Nəcməddin qızı deyib.

Psixoloq qeyd edib ki, əvvəlki nəslin yaşadığı çətinliklər və aldığı travmalar da nəsillərarası münasibətlərə təsirsiz ötüşmür: “Keçmiş nəslin aldığı travmalar və qazandığı təcrübələr yaşlı nəslin nümayəndələri tərəfindən daim xatırlanır. Bəzən onlar gənc nəslin də məhz həmin yolla irəliləməli olduğunu düşünürlər. Lakin bu, həmişə mümkün olmur. Nəticədə nəsillər arasında ciddi psixoloji gərginlik və bir-birini qəbul etməmə halları yarana bilər”.

Onun sözlərinə görə, nəsillər nəzəriyyəsində X, Y, Z və Alfa kimi qruplar fərqləndirilir və onların hər birinin özünəməxsus xüsusiyyətləri var.

Psixoloq X nəslinin təxminən 1965-1984-cü illərdə doğulan insanları əhatə etdiyini bildirərək, bu nəslin nümayəndələrinin daha praqmatik olduğunu, maddi dəyərlərə, təhsilə və ailəyə önəm verdiyini deyib. Mütəxəssis əlavə edib ki, həmin nəslin nümayəndələri texnologiyaya sonradan uyğunlaşsalar da, kompüterdən istifadə edə bilirlər.

Y nəslinin, yəni təxminən 1985-2000-ci illərdə doğulanların əvvəlki nəsildən fərqli olaraq yalnız “ev-iş-ev” həyat modelini qəbul etmədiyini deyən psixoloq onların zövq aldıqları işə üstünlük verdiklərini vurğulayıb. O qeyd edib ki, bu nəsil özünü dərk etməyə daha çox meyillidir və ailə qurma yaşının gecikməsi də onların xarakterik xüsusiyyətlərindən biri kimi qiymətləndirilir.

Z.Nəcməddin qızı Z nəslinin rəqəmsal dünyada böyüdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu nəslin nümayəndələri texnologiya ilə daha sıx əlaqədədir, məhsul seçərkən keyfiyyətə diqqət yetirir və fərdiliyə üstünlük verirlər. Psixoloq Z nəslinin süni intellektin sürətlə inkişaf etdiyi dövrdə formalaşdığını da qeyd edib.

2016-cı ildən sonra doğulan uşaqları əhatə edən Alfa nəslinin isə hələ formalaşma mərhələsində olduğunu deyən psixoloq onların rəqəmsal cihazlarla erkən yaşlardan tanış olduğunu bildirib. O əlavə edib ki, nəsillərin təsnifatına daha yeni qrupların, o cümlədən Beta nəslinin də əlavə edilməsi ilə bağlı yanaşmalar mövcuddur.

Lakin nəsilləri yalnız doğum illərinə əsasən qruplaşdırmaq onların psixoloji xüsusiyyətlərini tam izah etmir.

Psixoterapevt, klinik psixoloq İlkin Kazımlı hesab edir ki, nəsillər nəzəriyyəsi mövcud olsa da, insanlar arasında fərqləri şişirtmək və onları müəyyən qəliblərə salmaq düzgün deyil.

“Nəsillər nəzəriyyəsinin əsas ideyası ondan ibarətdir ki, eyni tarixi dövrdə doğulan insanlar oxşar sosial, iqtisadi, siyasi və texnoloji hadisələrin təsiri altında böyüdükləri üçün onların düşüncə tərzində, dəyərlərində, davranış modellərində və həyata baxışlarında müəyyən ortaq xüsusiyyətlər formalaşa bilir”, - deyə İ.Kazımlı bildirib. Onun sözlərinə görə, insan şəxsiyyətini yalnız doğum tarixi müəyyən etmir. Genetik meyillər, temperament, ailə münasibətləri, valideynlik modeli, uşaqlıq təcrübələri, sosial-iqtisadi vəziyyət, təhsil, mədəniyyət və həyat təcrübəsi də şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Psixoloq vurğulayıb ki, buna görə eyni nəsildən olan iki insan arasında fərqlər bəzən müxtəlif nəsillərə mənsub iki insan arasındakı fərqlərdən daha böyük ola bilər.

Bununla belə, İ.Kazımlı nəsillər nəzəriyyəsinin tamamilə rədd edilməsinin də doğru olmadığını düşünür. O qeyd edib ki, hər bir dövr insanın psixoloji inkişafına öz izini qoyur.

“İnternetdən əvvəl böyüyən insanlarla süni intellekt və sosial media dövründə böyüyən uşaqların informasiyanı qəbuletmə, diqqəti idarəetmə, ünsiyyətqurma və qərarvermə proseslərinin eyni olmasını gözləmək real deyil. Texnologiya yalnız həyat tərzini deyil, düşünmə üsulunu, emosiyaların ifadəsini və sosial münasibətlərin qurulma formasını da dəyişdirir”, - deyə psixoloq bildirib.

Onun fikrincə, bu baxımdan nəsillər nəzəriyyəsinə insanlara etiket yapışdıran yanaşma kimi deyil, cəmiyyətin psixoloji transformasiyasını izah edən konseptual model kimi yanaşmaq daha doğrudur. Bu yanaşma təhsil, insan resursları, ailə konsultasiyası və digər sahələrdə insan davranışlarını anlamağa kömək edə bilər. Lakin fərdlə işləyərkən yalnız onun hansı nəslə aid olmasına əsaslanmaq düzgün deyil.

İ.Kazımlı xüsusilə Z və Alfa nəsillərinin texnologiya ilə münasibətinə diqqət çəkib. Onun sözlərinə görə, Z nəsli ilk tam rəqəmsal nəsil hesab olunur və internet onların böyümə mühitinin ayrılmaz hissəsinə çevrilib. Bu, informasiyanın emalına, diqqət mexanizmlərinə və sosial münasibətlərə təsir göstərə bilər.

Psixoloq Alfa nəslinin isə artıq süni intellekt, alqoritmlər və avtomatlaşdırılmış texnologiyalar dövründə böyüdüyünü deyib. Onun fikrincə, bu uşaqların informasiyanı daha çox vizual və interaktiv formada mənimsəməsi təbii prosesdir. Bununla yanaşı, texnologiyadan həddindən artıq asılılığın diqqətin davamlılığı, səbir və canlı sosial ünsiyyət bacarıqları baxımından müəyyən çətinliklər yarada biləcəyini bildirib.

İ.Kazımlı hesab edir ki, əsas məqsəd uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, onlara rəqəmsal mühitdən sağlam və balanslı istifadə etməyi öyrətməkdir. Onun fikrincə, gələcəkdə mühüm bacarıqlardan biri yalnız texnologiyadan istifadə etmək deyil, onunla sağlam psixoloji münasibət qurmaq olacaq.

Psixoloq Z.Nəcməddin qızı isə hesab edir ki, nəsillər arasındakı fərqlər qarşıdurma və mübahisə üçün deyil, qarşılıqlı anlaşma üçün əsas olmalıdır.

“Nəsillərin nümayəndələri bir-biri ilə mübahisə və mübarizə aparmaq əvəzinə qarşılıqlı müzakirə və dialoq aparmalıdırlar”, - deyə Z.Nəcməddin qızı vurğulayıb.

Məsələnin yalnız nəzəri müzakirə ilə məhdudlaşmadığını beynəlxalq təcrübə də göstərir. UNESCO-nun 2025-ci ildə apardığı araşdırmada müxtəlif yaş qruplarının birgə öyrənməsinin nəsillərarası əlaqələri gücləndirdiyi, yaş ayrı-seçkiliyinin qarşısının alınmasına və ömürboyu öyrənmə mədəniyyətinin formalaşmasına töhfə verdiyi qeyd olunur. Təşkilatın nümunələrində yaşlı və gənc insanların qarşılıqlı bilik mübadiləsi, o cümlədən gənclərin rəqəmsal bacarıqlarını yaşlı nəslə ötürməsi xüsusi əhəmiyyət daşıyır.

Psixoloq xüsusilə təhsil sahəsində dəyişikliklərə ehtiyac olduğunu bildirib. Z.Nəcməddin qızının fikrincə, yeni nəslin təhsil prosesində yalnız ənənəvi yanaşmalarla məhdudlaşdırılması düzgün deyil.

“Artıq yalnız diplom üçün deyil, həqiqətən, bu dünyada faydalı olacaq bir peşəyə, sənətə sahib olmaq vaxtıdır. İnsan bacarığı, elmi, dünyagörüşü, sərbəstliyi, fərqindəliyi və fərqliliyi ilə daha da kamilləşə bilər”, - deyə psixoloq əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью