Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"Nestle" şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan bəzi məhsullarının ehtiyat tədbiri olaraq geri çağırılması uşaq qidalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Finlandiya, Almaniya, Böyük Britaniya kimi bir sıra Avropa ölkələrində bu şirkətə məxsus müxtəlif ticarət nişanları adı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb. Geri çağırılmaya səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyasının ifraz etdiyi "Cereulide" toksini ilə çirklənmə riskidir.
Bu hadisə Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı sualları yenidən aktuallaşdırıb.
Qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, "Cereulide" toksini zəhərlənməyə, mərkəzi sinir sisteminin və həzm sisteminin pozulmasına səbəb ola bilər.
O əlavə edib ki, əgər immun sistemi zəifdirsə, bu, uşaqlarda ciddi fəsadlara yol aça bilər: "Üzərində bəzən son istifadə tarixi uzun göstərilsə də, məhsul açıldıqdan sonra qısa müddətdə istifadə edilməlidir. Əgər qida hazırlandıqda, yapışqanlıq varsa, kənar qoxu hiss olunursa və uşaqda qidanı qəbul etdikdən sonra qarın şişkinliyi, ağrı, narahatlıq yaranırsa, bu qidanı istifadə etməmək tövsiyə olunur".
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, "Nestle" şirkəti tərəfindən geri çağırılan uşaq qidaları məhsul partiyaları Azərbaycan ərazisinə idxal edilməyib: "Ehtiyat tədbiri olaraq ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək müayinələrə cəlb edilib. İsveçrədən ölkəmizə idxal edilən "Hochdorf Swiss Nutrition Ltd" müəssisəsinin istehsalı olan "Swissneo 1" əmtəə nişanlı uşaq qidasında "Cereulide" çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi vasitəsilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb".