Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdildiyi kimi, Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf tərəfindən elektron formatda imzalanıb. Sənədin gələcək mərhələdə, yəni iyunun 19-da Cenevrədə rəsmiləşdirilə biləcəyi bildirilir.
Redaktor.az-a danışan politoloq Tofiq Abbasov isə hesab edir ki, bu anlaşmanın taleyi əsasən ABŞ Prezidenti Donald Trampın siyasi qərarlarından asılıdır.
"O, artıq İsrailin təsirlərini və təzyiqlərini sıfırlamalı, bildirməlidir ki, dünya miqyasında İsrail siyasətini deyil, Amerika siyasətini həyata keçirir. Burada, təbii ki, hazırda İsraildə çox böyük narazılıq dalğası qalxıb. Hamı bildirir ki, guya Amerika Birləşmiş Ştatları İsrail qarşısında götürdüyü müttəfiqlik öhdəliklərinə dönük çıxıb, çox səhv addım atıb. İsraildə bunu artıq demək olar ki, satqınlıq kimi qiymətləndirirlər. Əgər İsraildə belə bir fikir varsa, bəs onda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, yəni Körfəz dövlətləri nə deməlidirlər? Çünki ABŞ faktiki olaraq onların qarşısında öz etimadını sıfırladı. Səbəb isə odur ki, İsrailə borc ödəyir. Söhbət mənəvi borcdan, maddi borcdan gedir. Əlbəttə ki, burada Donald Tramp demək olar, Rubikonu keçib. Rubikon, belə desək, çaydır. Bilirsiniz, mifologiyadan, qədim dövrdən gələn bir anlayışdır. Rubikon indiki İtaliyanın ərazisində yerləşib. Onu keçmək isə artıq ən böyük addımlardan birinə imza atmaq, geriyə dönüşün olmadığını bildirmək deməkdir. Bundan sonra yalnız irəli getmək lazımdır. İrəli getmək isə Amerikanın maraqları naminə olmalıdır. Sözsüz ki, burada Trampın ucbatından Amerika diplomatiyası çox ciddi itkilərə məruz qaldı. Çünki faktiki olaraq baxın, Tramp Hörmüz boğazının açılmasını böyük təntənə ilə bəyan edir. Məgər 28 fevrala qədər Hörmüz boğazı bağlı idi? Bağlı deyildi. Dünya nefti həmin bölgədən maneəsiz şəkildə daşınırdı. Amerikada sadə vergi ödəyicisinin benzinin qiymətinin qalxacağı, daxildə inflyasiyanın genişlənəcəyi ilə bağlı narahatlığı var idimi? Yox idi. Bunların heç biri mövcud deyildi. Amerika Birləşmiş Ştatları bu müharibəyə qoşulduqdan sonra demək olar ki, özü üçün dərin bir quyu qazdı.
Heç kəs üçün sirr deyil ki, burada Netanyahunun rolu çox böyük olub. O, faktiki olaraq Amerika siyasətini və Amerika mövqelərini ciddi şəkildə sarsıdıb. İndi bu vəziyyətdən, necə deyərlər, zəlzələ effektindən çıxmaq Donald Trampın öz üzərində qalıb. O artıq başa düşür ki, həm Cared Kuşner, həm də Stiv Uitkoff Netanyahu xəttinin davamçılarıdır və prezidenti çox əlverişsiz bir yola yönəldiblər. Yenə deyirəm, uzun sürən bu prosesdən sonra ABŞ özü üçün vacib olan 2026-cı ildə dövlətin müstəqilliyinin 250 illiyini qeyd edəcək. Belə bir şəraitdə çalışır ki, yaranmış itkilərini kompensasiya etsin. Əgər ayın 19-da Cenevrədə bu imzalanma baş tutacaqsa, düşünürəm ki, həmin vaxta qədər İsraildə, eləcə də ABŞ-də fəaliyyət göstərən yəhudi lobbisi müəyyən rol oynayacaq. Bütövlükdə yox, çünki yəhudi lobbisi Amerikada artıq parçalanıb. Bir qismi Amerika maraqlarının tərəfindədir, digər qismi isə bildirir ki, İsraili sona qədər müdafiə etmək lazımdır. Onların hansı mövqeni seçəcəyi və məqsədlərinə necə çatacaqları da çox şeyi müəyyən edəcək. Məsələ burasındadır ki, bilirsiniz, keçmiş konqresmen Tomas Massi var. O, yəhudi lobbisinin təzyiqlərinə məruz qaldı və artıq konqresmen deyil. Buna baxmayaraq, müstəqil siyasətçi kimi öz mövqeyini açıqlayır. Onun maraqlı bir fikri var. Deyir ki, ABŞ cəmi bir ay İsrailə yardımını dayandırsa, maliyyə, vəsait, silah-sursat verməsə, hətta mənəvi dəstəyini kəssə, İsrail artıq çox çətin vəziyyətə düşər. Yəni İranla nəinki bacarmaz, hətta İranın qurbanına çevrilə bilər".
Onun sözlərinə görə, hazırda İsraildə sosial şəbəkələrdə və digər platformalarda çox iddialı danışanların sayı artır:
"Onlar bildirirlər ki, Amerika bizə mane olurdu, biz İranın dərsini verərik və sair. Amma vəziyyət elə deyil. İran raketlərinin zərbələri fonunda İsrailin ciddi itkilər verdiyi görünür. Mülki vətəndaşlar arasında itkilər var. İnfrastruktur dağıdılıb, strateji əhəmiyyət daşıyan bir çox obyektlər məhv edilib və sair. Yəni İsrail İranı dağıda bilməz, amma İran İsrailə ciddi zərbə vura bilər. Bunu İsrail cəmiyyəti də başa düşməlidir. Bundan başqa, İsraildən böyük miqyasda köç başlayıb, xüsusilə də biznesmenlər arasında. Onlar öz aktivlərini İsraildən çıxarırlar. Çünki anlayırlar ki, vəziyyət daha da mürəkkəbləşsə, İsrail yaşayış məkanı kimi təhlükəli ola bilər. Ona görə də hesab edirəm ki, bu sazişin müqəddəratının açarı müəyyən mənada Trampın öz əlindədir. Əgər o, sona qədər öz qətiyyətini və dönməz mövqeyini qoruyub saxlasa, saziş imzalanacaq. Hətta istisna etmirəm ki, Donald Trampın dövründə İran-Amerika münasibətləri normallaşsın, tərəflər diplomatik əlaqələrin bərpasına yaxınlaşsın və gələcəklə bağlı baxışlarını, yanaşmalarını açıqlasınlar".
NURİYYƏ