GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanla süni intellekt sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində Prezident İlham Əliyevə ən səmimi salamlarını çatdırıb.
O, bildirib: “Biz həmişə deyirik: “Gələn il Yerusəlimdə görüşərik”. Ona deyin ki, bu il Yerusəlimdə! Qoy gəlib bizi ziyarət etsin. O, çox səmimi və isti qarşılanacaq.”
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrail-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində davam edir:
“Hər iki ölkə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində kifayət qədər uğurlu əməkdaşlıq qurub. Bu əlaqələr Bakı və Təl-Əvivin milli maraqlarına xidmət edir, üçüncü ölkələrə qarşı yönəlməyib. Artıq İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərir ki, uzun müddət belə səfirlik olmamışdı. Geosiyasi proseslər dəyişir və rəsmi Bakı buna uyğun addımlar atır. Hazırda Azərbaycan nümayəndə heyəti İsraildə səfərdədir və süni intellekt, kiber təhlükəsizlik sahəsində sənədlər imzalanıb.
Məhəmməd Əsədullazadə
İsrailin baş naziri Prezident İlham Əliyevi Qüdsə dəvət edib. Lakin hazırkı geosiyasi vəziyyət, xüsusən İranla bağlı gərginlik, İsrailin Qəzza əməliyyatları və paytaxt məsələsi nəzərə alınaraq, rəsmi Bakı belə səfəri reallaşdırmayacaq. Dünya birliyi, o cümlədən Azərbaycan, İsrailin paytaxtını Təl-Əviv kimi tanıyır. Hazırda belə bir səfər üçün şərait uyğun deyil. Gələcəkdə regionda sülh bərqərar olarsa, Azərbaycan Prezidenti İsrailin paytaxtı Təl-Əvivə səfər edə bilər. Bununla belə, İsraillə münasibətlər hazırda yüksək səviyyədədir və prezident səviyyəsində səfərə ehtiyac görülmür”.
Turan Rzayev
Globalinfo.az