Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İsrailin baş naziri Benyamin Netanyahu regionda, xüsusilə İran ətrafında artan gərginlik fonunda ölkəsinin istənilən ssenariyə hazır olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, Knessetdə çıxışı zamanı İsrail hakimiyyətinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
“Biz ayıq-sayıq vəziyyətdəyik və istənilən ssenariyə hazırıq. İsrailə hücum edən hər kəs ağır nəticələrlə üzləşəcək”, — deyə Netanyahu vurğulayıb.
O, hansı konkret təhdidlərin mövcud olduğu və İsrailin cavab addımları barədə danışmayıb.
Bəyanat İran ətrafında vəziyyətin kəskin şəkildə gərginləşdiyi, mümkün eskalasiya risklərinin artdığı bir vaxta təsadüf edir. Son günlər regiona əlavə ABŞ hərbi qüvvələri, o cümlədən aviadaşıyıcı zərbə qrupu göndərilib. İran rəsmiləri isə mümkün hərbi zərbənin ciddi nəticələrə gətirib çıxaracağı barədə sərt xəbərdarlıqlar ediblər.
Eyni zamanda ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında Fox News telekanalının “İran Yaxın Şərqin Şimali Koreyasına çevrilir” başlıqlı videosunu paylaşıb.
Əliyar Xəlil