Netanyahu məhkəmədə çətin anlar yaşadı

04.02.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu rüşvət, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə bağlı davam edən məhkəmə prosesində hakim qarşısında çətin anlar yaşayıb. 

Belə ki, Təl-Əviv Rayon Məhkəməsində prokurorluğun kəskin sualları qarşısında ifadə verən Netanyahu, keçmiş müşaviri Nir Hefets barədə açıqlamaları ilə gizli dinləmə iddialarını yenidən gündəmə gətirib.

Məhkəmə prosesinin mərkəzində Netanyahunun ən ağır ittiham olunduğu “4000 saylı iş” dayanır. Bu iş çərçivəsində Bezeq telekommunikasiya qrupu və ona bağlı "Walla" xəbər saytı ilə qurulduğu iddia edilən münasibətlər, sənədlər və şahid ifadələri əsasında yenidən müzakirə olunub.

Prokurorluq iddia edir ki, Netanyahu Bezeq şirkətinə yüz milyonlarla şekel dəyərində tənzimləyici güzəştlər verib, qarşılığında isə "Walla" saytında özü və ailəsi haqqında müsbət və yönləndirici materialların dərc olunmasını təmin edib. İddianamədə bu prosesdə Rabitə Nazirliyinin qərarlarının siyasi təzyiq altında formalaşdığı xüsusi vurğulanır.

Məhkəmədə çıxış edən prokuror Cudit Tiroş Netanyahunun diqqətinə keçmiş Rabitə Nazirliyinin baş direktoru Avi Berger və nazir müavini Eitan Tzfiranın ifadələrini çatdırıb. Bergerin sözlərinə görə, Tzfira Bezeq-YES birləşməsinin sürətləndirilməsi və şirkətin xeyrinə qərarların qəbul edilməsi ilə bağlı göstərişlər verib. Prokurorluq bu göstərişlərin birbaşa Netanyahunun iradəsini əks etdirdiyini iddia edir.

Netanyahu isə məhkəmədə bu ittihamları rədd edərək bildirib ki, Tzfira ilə Bezeq-YES məsələsi ilə bağlı heç bir danışığı olmayıb və ona qarşı səsləndirilən iddialar həqiqəti əks etdirmir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью