Netanyahu “odla oynayır” yəni Ərdoğanla ŞƏRH

19.08.2026

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İsrailin bölgənin aparıcı ölkələrindən biri Türkiyə ilə gərginliyi artırması iki ölkə arasında toqquşma riskini artırır 

İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.

Suriyanın "Əl-İxbariyyə" agentliyinin məlumatında 

bildirilib ki, zərbələr nəticəsində aerodromun infrastrukturuna maddi ziyan dəyib.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın İdlib vilayətində yerləşən tərk edilmiş Əbu-Zuhur aviabazasına endirdiyi zərbələri pisləyib. Türkiyə XİN zərbələri düşünülməmiş adlandırıb və İsrailin bu addımının Suriyanın ərazi bütövlüyünü və birliyini pozduğunu bildirib. Ankara beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə çağırıb.

Sherg.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu addımı İsrailin baş naziri Benyamin Netanyahunun “odla oynaması” kimi qiymətləndirib.

Onun sözlərinə görə, İsrailin Suriyanın İdlib vilayətində yerləşən və hazırda istifadəsiz olan Əbu-Zuhur aviabazasına endirdiyi zərbə bölgədə yeni gərginlik ocağının yaranması riskini artırır:

“Netanyahu zərbəni Suriya hakimiyyətinin aviabazanı Türkiyənin istifadəsinə vermək niyyəti ilə əsaslandırıb və bunu İsrail üçün təhlükə kimi təqdim edib. Türkiyə Xarici İşlər Nazirliyi də zərbəni Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib. Fikrimcə, İsrailin bu addımı Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər”.

Ankaranın bu məsələdə haqlı mövqe nümayiş etdirdiyini vurğulayan E. Şahinoğlu qeyd edib ki, Suriyanın hansı ölkə ilə hərbi əməkdaşlığa üstünlük verməsi bu ölkənin müstəsna hüququdur: “ İsrailin Türkiyə ilə münasibətlərində gərginlik var deyə, Dəməşq Ankara ilə hərbi sahədə əməkdaşlıq etməməlidir? Əgər Dəməşq Türkiyə ilə hərbi sahədə əməkdaşlığı öz milli maraqlarına uyğun hesab edirsə, bunun İsrail tərəfindən təhlükə kimi qiymətləndirilməsi həmin qərara müdaxilə üçün əsas ola bilməz. İsrail Suriya ərazisində keçmiş SSRİ və Rusiyanın hərbi bazasına heç vaxt etiraz etməyib. İsrailin Türkiyə sərhədinə 72 kilometr məsafədə olan aviabazanın bombardman etməsi Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da sərt açıqlamasına səbəb olub. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək”.

Politoloqun fikrincə, Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir:

“Netanyahu ölkə içərisindəki mühafizəkarların səsini almaq üçün Türkiyə ilə münasibətlərdəki gərginliyi artırmaq yolunu seçib. İş o yerə çatıb ki, hakim “Likud” partiyası reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın şəklini yerləşdirərək onu düşmən obrazında əks etdirib. Bu siyasət İsrailə yaxşı heç nə vəd etmir. Müxtəlif ölkələrlə münasibətlərdə problemi olan İsrailin bölgənin aparıcı ölkələrindən biri Türkiyə ilə gərginliyi artırması iki ölkə arasında toqquşma riskini artırır. Türkiyə Xarici İşlər Nazirliyinin son olayla bağlı bəyanatında beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə yönəlik çağırışı da var. Ağ Ev sahibi İranı ram etməyə çalışarkən, bölgədə İsrail-Türkiyə gərginliyinin alovlanması ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin aradan qaldırılması mexanizmi yaratmaq üzərində işləyir. İsrail-Türkiyə gərginliyi Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq əgər İsrail Türkiyə ilə gərginliyi artırmaq yolunu seçibsə, Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanat yaymasına ehtiyac yarana bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью