Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahunun mümkün ölümü ilə bağlı iddialar böyük müzakirələrə yol açıb. İranlı jurnalistlərin Netanyahunun son videomüraciətindəki “altıncı barmaq” kimi dipfeyk anomaliyaları etməsi şübhələri artırıb. Hətta baş nazirin sağ olduğunu sübut etmək üçün yayılan “qəhvə içmə” görüntülərinin belə saxta çıxması iddiası gündəmi qarışdırıb. İddia edilir ki, Netanyahunun qəhvə içmə görüntüləri də süni intellektlə hazırlanıb.
Bu fikirlər nə qədər əsaslıdır? Videonun süni intellekt məhsulu olduğunu müəyyən etmək mümkündürmü?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, hər hansı videonun süni intellektlə yaradılıb-yaradılmadığını müəyyən etmək üçün həmin materialın orijinal faylı, mənbəsi və texniki data məlumatları analiz edilməlidir:
“Sadəcə görüntüyə baxaraq qəti nəticə çıxarmaq mümkün deyil. Ümumiyyətlə bu cür hallarda ən böyük problem dezinformasiyanın sürətlə yayılmasıdır. Mən deyərdim ki, süni intellekt texnologiyaları məlumat mühitini o formada dəyişib ki, artıq insanlar gördüyü hər videoya avtomatik şəkildə inanmaq əvəzinə, onun mənbəsini yoxlamağa daha çox diqqət etməlidir”.
E.Həsənovun sözlərinə görə, süni intellekt texnologiyaları, xüsusilə dipfeyk alətləri o qədər inkişaf edib ki, bəzən real görüntü ilə süni hazırlanmış videonu ayırd etmək adi istifadəçi üçün çox çətin olur:
“Ona görə sosial şəbəkələrdə yayılan bir videoya baxıb dərhal bu Aİ-dir və ya tam realdır demək texniki baxımdan düzgün yanaşma sayılmır. Aidiyyəti üzrə mütəxəssislər videonu bir neçə texniki yanaşmaya görə analiz edirlər. Məsələn, üz mimikalarının təbii olub-olmaması, səs ilə dodaq hərəkətlərinin uyğunluğu, işıq və kölgə balansı, görüntüdəki piksel strukturu və kadrların davamlılığı kimi detallara baxılır. Bəzən dipfeyk videolarda barmaq sayının səhv görünməsi, əl hərəkətlərinin qeyri-təbii olması, üz konturlarında titrəmə və ya arxa fonda kiçik uyğunsuzluqlar müşahidə edilə bilər”.
Mütəxəssisin sözlərinə görə, bir kadrda görünən hansısa detal videonun süni intellektlə yaradıldığını sübut etmir:
“Çünki bu tip anomaliyalar montaj, kamera bucağı və ya video sıxılma nəticəsində də yarana bilər. Süni intellektin özü də dipfeyk videoları müəyyən etmək üçün istifadə oluna bilir. Xüsusi analiz alqoritmləri və proqramlar videonu texniki səviyyədə yoxlayaraq onun manipulyasiya edilib-edilmədiyini qiymətləndirə bilir. Amma burada da 100 faiz dəqiqlik hər zaman mümkün olmur. Çünki dipfeyk yaradan texnologiyalar da paralel şəkildə inkişaf edir və getdikcə daha real görüntülər yarada bilir”.
Zaira Akifqızı
Globalinfo.az