Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu seçkilərdə, xüsusilə İsrail vətəndaşı olan fələstinlilərin sıx yaşadığı ərazilərdə seçici fəallığının yüksək olmasından sonra səsvermənin “oğurlanmağa çalışıldığını” iddia edib.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Netanyahu Qərbi Qüdsdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında İsrail vətəndaşı olan fələstinlilər arasında seçici fəallığının yüksək olduğunu bildirib.
O, seçkilərə müdaxilə etməyə çalışan qüvvələrin olduğunu irəli sürərək tərəfdarlarını fəal şəkildə səs verməyə çağırıb. Netanyahu müxalifətin seçkilərdə yüksək fəallıq nümayiş etdirməsinə münasibət bildirərək, “Mübarizəni solun idarə etməsinə icazə verə bilmərik, bu, yəhudi dövləti üçün təhdiddir”, – deyə qeyd edib.
Baş nazir öz tərəfdarlarını “Likud” partiyasına səs verməyə çağırıb. O, həmçinin X sosial şəbəkəsində “Fövqəladə vəziyyət!” paylaşımı edərək, solçu seçicilərin məntəqələrə axışdığını, sağçıların isə laqeyd qaldığını iddia edib.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə seçkilərdə iştirak səviyyəsi 1977-ci ildən bəri ən yüksək həddə çatıb. Yerli vaxtla saat 12:00-dək 2,3 milyondan çox seçici səs verib. Təxminən 7,3 milyon qeydə alınmış seçicinin 31,5 faizi səsvermədə iştirak edib.
Rəy sorğularına əsasən, nə Netanyahunu dəstəkləyən partiyalar, nə də müxalifət bloku 120 yerlik parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı təkbaşına qazana bilir.
Seçkilərdən əvvəl keçirilən sorğular İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyaların parlamentdə təxminən 14 mandat əldə edərək həlledici mövqeyə yüksələ biləcəyini göstərib.