Netanyahu Trampa İranla danışıqlarla bağlı İsrailin mövqeyini təqdim edəcək

10.02.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampa İranla aparılan danışıqlara dair İsrailin baxışını təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, bu mövqe Yaxın Şərqdə sülh və təhlükəsizlik istəyən hər kəs üçün böyük əhəmiyyət daşıyır.

Bizimyol.info xəbər verir ki, Netanyahu bu açıqlamanı Vaşinqtona yola düşməzdən əvvəl, Ben-Qurion hava limanında hökumət təyyarəsinin trapı önündə jurnalistlərə verib.

O bildirib ki, 2022-ci ilin sonunda yenidən baş nazir vəzifəsinə qayıtdıqdan sonra bu, ABŞ-yə yeddinci səfəridir. Netanyahu vurğulayıb ki, hazırda ABŞ–İsrail münasibətləri tarixdə görünməmiş dərəcədə yüksək səviyyədədir və iki ölkə bir-birinə “son dərəcə yaxındır”.

“Bu səfər zamanı bir sıra məsələləri müzakirə edəcəyik: Qəzza, regiondakı vəziyyət və əlbəttə ki, ilk növbədə İranla aparılan danışıqlar. Mən prezident Trampa bu danışıqların hansı prinsiplər əsasında aparılmalı olduğuna dair anlayışımızı, mühüm prinsipləri təqdim edəcəyəm. Məncə, bunlar təkcə İsrail üçün deyil, Yaxın Şərqdə sülh və təhlükəsizlik istəyən bütün dünya üçün vacibdir”, – deyə Netanyahu bildirib.

Fevralın 6-da Omanda İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı İran və ABŞ arasında danışıqların yeni mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə prezident Donald Trampın xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edib. Bundan əvvəl Ağ Ev İslam Respublikasına qarşı güc tətbiqi ehtimalını ciddi şəkildə nəzərdən keçirdiklərini açıqlamışdı. İsrail isə israr edir ki, İran təkcə nüvə proqramını dayandırmamalı, eyni zamanda ballistik raket arsenalını məhdudlaşdırmalı və Yaxın Şərqdəki müttəfiqlərinə verdiyi dəstəyi dayandırmalıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью