Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra heç bir siyasi düşərgənin hökumət qurmaq üçün lazım olan 61 mandatı əldə edə bilməməsi siyasi qeyri-müəyyənlik yaradıb.
Modern.az xəbər verir ki, “The Cradle” nəşri Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmasına imkan verə biləcək ssenariləri təhlil edib.
Nəşrin yazdığına görə, Knessetdə 19 mandat qazanan ərəb partiyaları hökumətin formalaşdırılmasında həlledici rol oynaya bilər. Lakin müxalifət partiyalarının əksəriyyəti onların dəstəyinə əsaslanan hökumətdə iştirak etmək istəmir.
Birinci ssenari: fövqəladə milli birlik hökuməti
“The Cradle” hesab edir ki, İranla yeni hərbi qarşıdurma milli təhlükəsizlik arqumenti ilə Qadi Ayzenkotun Netanyahu ilə bir hökumətdə təmsil olunmasına zəmin yarada bilər.
Belə razılaşma Netanyahunun baş nazir vəzifəsində qalmasını, yaxud hökumət başçılığının növbə ilə həyata keçirilməsini nəzərdə tuta bilər. Nəşrin ehtimalına görə, bu halda müxalifət nümayəndələri hökumətə daxil olar, ərəb və ultraortodoks partiyalar isə koalisiyadan kənarda qala bilər.
İkinci ssenari: ərəb deputatların dəstəyi ilə yeni hökumət
Ayzenkot ərəb deputatların dəstəyi ilə Netanyahunu əvəz etməyə çalışa bilər. Bununla belə, onun müttəfiqlərinin ərəb partiyaları ilə əməkdaşlığa qarşı çıxması bu variantı çətinləşdirir. Ərəb siyasi qüvvələri arasında da belə bir hökumətə dəstək məsələsində fikir ayrılığı var.
Üçüncü ssenari: təkrar seçkilər
Koalisiya danışıqları nəticəsiz qalarsa, ölkədə yenidən parlament seçkiləri keçirilə bilər. Bu halda Netanyahu yeni hökumət qurulanadək Baş nazir səlahiyyətlərini icra etməyə davam edə bilər.
Nəşr Netanyahunun hakimiyyətdə qalmaq marağını ona qarşı davam edən korrupsiya məhkəməsi və 7 oktyabr hücumundan əvvəlki təhlükəsizlik nöqsanlarının araşdırılması tələbləri ilə də əlaqələndirir.