Icma.az bildirir, Moderator.az portalına istinadən.
İsrailin keçmiş Baş Qərargah rəisi, müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkot polisə rəsmi şikayət edib.
Moderator.az xəbər verir ki, siyasətçi sağçı fəal Yossi Koeni ailəsinin yaşadığı evin qarşısında onu və həyat yoldaşını ölümlə hədələməkdə ittiham edir.
Hadisə İsrailin Herzliya şəhərində, Ayzenkotun ailə evinin qarşısında baş verib. Məlumata görə, noyabrın 1-də bir qrup sağçı fəal siyasətçinin evinin qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Aksiya iştirakçılarından biri səsgücləndirici vasitəsilə Ayzenkotu “xain” adlandırıb və onun Qəzza zolağında həlak olmuş oğlunun ölümündə özünü günahlandırıb.
Fəalın “Sən öz oğlunu öldürdün!” deyə qışqırdığı bildirilir. O, bununla da kifayətlənməyərək siyasətçinin həyat yoldaşı Hannanı da təhqir edib və ona qarşı təhdidlər səsləndirib.
İsrail mətbuatının məlumatına görə, həmin şəxs Hannanı “Sən də oğlunun yanına gedəcəksən!” sözləri ilə hədələyib.
Qeyd edək ki, Qadi Ayzenkotun oğlu, ehtiyatda olan hərbi qulluqçu Qal Ayzenkot 2023-cü ilin dekabrında Qəzza zolağında döyüşlər zamanı həlak olub.
“Yaşar” partiyası baş verən hadisəni siyasi mühitdə nifrət və təhrikçilik meyillərinin nəticəsi kimi qiymətləndirib. Partiya rəhbərliyi bildirib ki, heç bir siyasi fikir ayrılığı və şəxsi ağrı başqa bir ailənin faciəsindən istifadə edərək insanları təhdid etməyə haqq qazandıra bilməz.
Partiya sonradan İsrail polisinə rəsmi müraciət edərək Yossi Koenin Ayzenkot və onun həyat yoldaşına qarşı ölüm təhdidləri səsləndirdiyini bildirib.
Məlumata görə, aksiya bir neçə saat davam edib və axşam saat 21 radələrində başa çatıb. Hadisə ilə bağlı həmin vaxt heç kimin saxlanılmadığı bildirilir.
Qadi Ayzenkot İsrail ordusunun keçmiş Baş Qərargah rəisidir və hazırda ölkənin siyasi müxalifətində yer alan əsas simalardan biri hesab olunur. Onun rəhbərlik etdiyi “Yaşar” partiyası Baş nazir Benyamin Netanyahunun siyasi rəqibləri sırasında yer alır.