Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, futbol üzrə dünya çempionatının finalında İspaniya son dünya çempionu Argentina üzərində 1:0 hesablı qələbə ilə ikinci dəfə dünya kubokunu qazanıb.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, nəticə gözlənilən idi, amma oyunun bu qədər birtərəfli keçəcəyi gözlənilmirdi:
"Dünən tək qapı matç oynandı. İspaniya oyunun əvvəlindən sonuna qədər meydanda tam üstünlük nümayiş etdirdi. Topa nəzarət, hücumların qurulması və oyunun tempi tamamilə ispanların əlində idi. Argentina isə demək olar ki, heç bir ciddi təhlükə yarada bilmədi. Hətta 120 dəqiqə ərzində qapı çərçivəsinə bir dəfə də olsun dəqiq zərbə endirə bilməməsi Messi və komanda yoldaşları üçün utancverici göstəricidir".
Müsahibimiz əlavə etdi ki, final kimi yüksək səviyyəli oyunda Argentinadan daha cəsarətli və təşəbbüskar futbol gözlənilirdi:
"Lakin onlar nə hücumda, nə də oyunun idarə olunmasında rəqibə müqavimət göstərə bildilər. Finala layiq oyun sərgiləmədilər. İspanlar isə möhtəşəm idilər. Oyunboyu üstünlüyü özlərində saxladılar, intizamlı çıxış etdilər, səhvlərə yol vermədilər və yaratdıqları üstünlüyü qolla nəticələndirərək haqq etdikləri zəfəri qazandılar. Meydanda göstərdikləri futbol çempion adına tam layiq idi. Bu baxımdan nəticə tamamilə ədalətli oldu".
Xədicə BAXIŞLI