Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Kəpəz” Misli Premyer Liqasının I turunda “Sabah”a uduzub – 0:2.
Gəncə təmsilçisinin yeni transferi Azuma Abubakar matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Məğlubiyyəti necə şərh edərdin?
– Azərbaycan çempionuna qarşı oynadıq. Güclü kollektiv olduqlarını göstərdilər. Amma biz də çalışdıq, xüsusilə, ilk hissədə daha üstün oynamağı bacardıq.
– Fasilədən sonra eniş yaşamağınız nə ilə bağlı idi?
– Heyətdə yeni oyunçular var və hələ komanda tam formalaşmayıb. Bütün futbolçular sona qədər mübarizə apardı. Bəzi anlarda istədiklərimiz alınırdı, bəzən də yox. Düşünürəm ki, rəqib ikinci hissədə keyfiyyətini ortaya qoydu. Futbolda kiçik detallar önəmlidir. Fasilədən sonra geri çəkilməyimiz bizə baha başa gəldi.
– Bu, “Kəpəz formasıyla ilk rəsmi matçın oldu. Hisslərin necədir?
– Mənə inanan məşqçilər heyətinə minnətdaram. Bu komandada olmaq, bu formanı geyinmək şərəfdir. Məğlub olsaq da, ilk oyunumuzun kifayət qədər yaxşı alındığını deyə bilərəm. Nəticə təəssüf hissi yaradır, amma inamlıyıq. Düşünürəm ki, zaman keçdikcə mübariz, gözəl kollektiv olacağıq.
– Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqqında məlumatın var idi?
– Səmimi desəm, çox yox. Sadəcə “Qarabağ”la müəyyən informasiyam var idi. O da onların avrokuboklarda müntəzəm iştirak etməsinə görədir. “Kəpəz”dən təklif gələndə danışdıq, klub mənə layihəsini, planlarını bildirdi. Düşündüm ki, bura gəlmək doğru seçim olacaq.
– “Kəpəz”lə nələrə nail olmaq istəyirsən?
– Klubla fikirlərimiz, hədəflərimiz üst-üstə düşür. Bura gəlməyimdə də əsas səbəb budur. İnanıram ki, həm mən, həm də komanda uğurlu mövsüm keçirər.
Şahin Cəfərov