futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının VI turu “Neftçi” klubu üçün əlamətdar yubileylə yadda qalacaq. “Ağ-qaralar” “Qəbələ” ilə keçiriləcək qarşılaşmada ölkə çempionatları tarixindəki 1000-ci rəsmi oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Peşəkar Futbol Liqasının hazırladığı xüsusi video-süjetdə komandanın kapitanı Emin Mahmudov bu tarixi göstərici və klubdakı gələcək hədəfləri barədə fikirlərini bölüşüb.
Təcrübəli yarımmüdafiəçi “Neftçi”nin Azərbaycan futbolunun flaqmanı olduğunu vurğulayıb:
“Azərbaycan çempionatındakı ilk oyunlarımda həyəcanlı idim, çünki gözləntilər yüksək idi. Rusiyadan gəlmişdim, Portuqaliyada oynamışdım və hamı məndən nəticə tələb edirdi. “Neftçi”də oynamaq böyük qürurdur, lakin burada hər zaman nəticə tələb olunur və maksimumunu verməlisən. Məqsədim daha çox kubok qaldırmaqdır”.
Kapitanlıq sarğısının məsuliyyətindən də söz açan Mahmudov çətin dövrlərdə bu yükün daha da ağırlaşdığını bildirib:
“İşlər yaxşı gedəndə kapitan olmaq rahatdır, hamı tərifləyir. Amma nəticələr zəif olanda məsuliyyət ikiqat artır. Mətbuatla, rəhbərliklə və futbolçularla daimi danışıqlar aparmalı olursan. Bəzən bu, həqiqətən də çox yorucu olur, lakin daşıdığım məsuliyyətin fərqindəyəm”.
Emin Mahmudov sonda klubun gələcək arzularını da dilə gətirib:
“Arzulayıram ki, “Neftçi”nin 90 illiyində çempionluq yaşayaq və azarkeşlərimizi sevindirək. Ən böyük istəyim isə “Neftçi”nin Çempionlar Liqası və ya Avropa Liqasının əsas mərhələsində mübarizə aparmasıdır”.
Süjeti təqdim edirik: