Nəticəsiz yekunlaşan COP31: Dünya yeni reallıqlara hazırlaşır

23.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyi ilə mübarizə və enerji keçidi istiqamətində beynəlxalq əməkdaşlığın gələcəyi COP31-in nəticələrindən sonra yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, konfrans son 17 ildə ilk dəfə yekun razılaşma əldə olunmadan başa çatıb. Xüsusilə fosil yanacaqlardan mərhələli imtina ilə bağlı öhdəlik üzrə ortaq mövqeyin formalaşmaması qlobal enerji siyasətinin gələcəyi ilə bağlı suallar yaradıb. Bu vəziyyət yaşıl enerjiyə keçidin sürətinə, investisiya mühitinə və enerji bazarlarında gözlənilən dəyişikliklərə təsirsiz ötüşməyə bilər.

Bəs COP31-in nəticələri Azərbaycanın enerji siyasəti və iqtisadi maraqları baxımından nələrə səbəb ola bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadqçı-ekspert Akif Nasirli “Cebheinfo.az”a bildirib ki, COP31-in yekun razılaşma əldə olunmadan başa çatması qlobal iqlim siyasətində ciddi fikir ayrılıqlarının olduğunu göstərir:

“Əsas ziddiyyət ondan ibarətdir ki, bir qrup ölkə neft, qaz və kömürdən mərhələli imtinanın konkret öhdəlik kimi qəbul edilməsini istəyir, digər qrup ölkələr isə bunun iqtisadiyyatlarına, enerji təhlükəsizliyinə və ixrac gəlirlərinə zərər vuracağını düşünür. Nəticədə tərəflər ortaq mövqeyə gələ bilməyiblər. Bununla belə, COP28-də qəbul edilmiş karbohidrogen yanacaqlardan uzaqlaşma istiqamətindəki əvvəlki razılaşma qüvvədə qalır. COP31-də əldə olunmayan isə yeni ümumi yekun sənəd olub.

Bu nəticənin dünya iqtisadiyyatına təsiri ilk növbədə qeyri-müəyyənliyin artması ilə bağlıdır. Enerji şirkətləri, investorlar və dövlətlər gələcək enerji siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu, xüsusilə uzunmüddətli investisiya qərarlarına təsir edə bilər. Bir tərəfdən, neft-qaz istehsal edən ölkələr mövcud enerji resurslarından istifadəni davam etdirmək üçün daha geniş imkan əldə etdiklərini düşünə bilərlər. Digər tərəfdən, iqlim öhdəliklərinin zəifləməsi gələcəkdə daha sərt ekoloji tələblərin tətbiqi riskini artırır.

Yaşıl enerjiyə keçid baxımından isə bu nəticə müəyyən ləngimə yarada bilər, amma alternativ enerji investisiyalarının dayanacağı anlamına gəlmir. Çünki günəş və külək enerjisi artıq bir çox ölkələrdə iqtisadi baxımdan rəqabətqabiliyyətli mənbələrə çevrilib. Bu sahəyə investisiyaların cəlbediciliyi yalnız beynəlxalq iqlim razılaşmalarından asılı deyil. Enerji təhlükəsizliyi, texnologiyaların ucuzlaşması və ölkələrin idxal olunan enerji resurslarından asılılığı azaltmaq istəyi də yaşıl enerjiyə tələbi qoruyur. Bununla belə, beynəlxalq öhdəliklərin zəifləməsi bəzi investorların qərarlarını təxirə salmasına və dövlətlərin alternativ enerji layihələrinə ayırdığı maliyyəni azaltmasına səbəb ola bilər".

Ekspert qeyd edib ki, Azərbaycan üçün bu məsələnin iki tərəfi var:

"Bir tərəfdən, ölkəmizin iqtisadiyyatı hələ də neft və qaz gəlirlərindən ciddi şəkildə asılıdır. Karbohidrogen yanacaqlardan imtina prosesinin ləngiməsi qısa və orta müddətdə Azərbaycanın enerji ixracı üçün müəyyən üstünlüklər yarada bilər. Yəni neft və qaza beynəlxalq tələbatın daha uzun müddət qorunması ixrac gəlirlərinin davam etməsinə imkan verə bilər. Ancaq bunu uzunmüddətli iqtisadi üstünlük kimi qiymətləndirmək risklidir. Çünki dünya enerji bazarında dəyişikliklər davam edir və bir çox ölkələr alternativ mənbələrə keçid strategiyasını həyata keçirirlər.

Digər tərəfdən, Azərbaycanın yaşıl enerjiyə keçidi ləngitməsi gələcəkdə ciddi iqtisadi problemlər yarada bilər. Xüsusilə Avropa bazarında ekoloji tələblərin sərtləşməsi, karbon emissiyalarına görə əlavə ödəniş mexanizmlərinin genişlənməsi və karbohidrogen yanacaqlara investisiyaların azalması ölkəmizin ixrac imkanlarına təsir göstərə bilər. Yəni bu gün neft və qaz satmaq imkanının qalması gələcəkdə də eyni bazar şərtlərinin qorunacağına zəmanət vermir".

A.Nəsirli hesab edir ki, Azərbaycan COP31-in nəticəsindən asılı olmayaraq yaşıl enerji strategiyasını davam etdirməlidir. Günəş və külək enerjisi potensialından istifadə, elektrik enerjisinin ixracı, enerji saxlanc sistemlərinin yaradılması və alternativ enerji infrastrukturunun inkişafı ölkə üçün yeni gəlir mənbələri formalaşdıra bilər. Eyni zamanda neft-qaz gəlirlərindən iqtisadiyyatın digər sahələrinin inkişafı üçün istifadə olunmalıdır:

"Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan enerji keçidini neft və qazdan dərhal imtina kimi deyil, iqtisadiyyatın gələcək risklərdən qorunması və yeni gəlir mənbələrinin yaradılması prosesi kimi qiymətləndirməlidir. Çünki dünya enerji bazarında dəyişikliklər baş verdikcə, yalnız ənənəvi enerji resurslarına güvənən ölkələrin iqtisadi dayanıqlığı zəifləyə bilər”.
Ekspert sonda əlavə edib ki, Azərbaycanın məqsədi bu dəyişikliklərə gecikmiş şəkildə reaksiya vermək deyil, indidən yeni iqtisadi reallıqlara hazırlaşmaq olmalıdır.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью