Nevroloq sağlam yuxunun əsas sirri barədə danışdı

03.02.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yuxunun hansı vəziyyətdə – arxası üstə, böyrü üstə və ya üzüüstə – daha düzgün olması ilə bağlı müzakirələr illərdir davam edir. Mütəxəssislər isə bildirirlər ki, hamı üçün keçərli olan “ideal yuxu pozası” mövcud deyil.

AzPost xəbər verir ki, “Evroonko” klinikasının nevroloqu Yelena Jurakovskaya “Çempionat” nəşrinə açıqlamasında sağlam yuxunun əsas meyarının insanın özünü rahat hiss etməsi olduğunu bildirib.

“Ən yaxşı yuxu pozası insanın tez yuxuya getməsinə və səhər özünü dincəlmiş hiss etməsinə imkan verən vəziyyətdir”, – deyə mütəxəssis qeyd edib.

Bununla yanaşı, həkim hamı üçün uyğun olmayan bəzi yuxu pozalarına da diqqət çəkib. Onun sözlərinə görə, əlləri başın arxasına və ya yuxarı qaldıraraq yatmaq, eləcə də əlləri və ya ayaqları çarpayının kənarından sallamaq tövsiyə edilmir. Bu cür vəziyyətlər qan dövranının pozulmasına və sinirlərin sıxılmasına səbəb ola bilər.

Nevroloq vurğulayıb ki, yuxunun keyfiyyətində pozadan daha vacib amil yataq şəraitidir. Ortopedik döşək və uyğun yastıq sağlam yuxu üçün əsas şərtlərdən hesab olunur. Mütəxəssis yastıqsız yatmağın da məsləhət görülmədiyini bildirib.

Xroniki xəstəlikləri olan şəxslər üçün isə yuxu pozası fərdi şəkildə, diaqnoz nəzərə alınaraq seçilməlidir. Belə ki, bel və ya oynaq ağrıları zamanı ağrını minimuma endirən, yəni antalqik pozalara üstünlük verilməlidir.

“Ürək-damar sistemi, tənəffüs orqanları xəstəlikləri və reflyuks zamanı yarımoturaq vəziyyətdə, çarpayının baş hissəsi qaldırılaraq yatmaq tövsiyə olunur. Xoruldama və piylənmə zamanı arxası üstə yatmaq məsləhət deyil. Ayaqlarda şişkinlik olduqda isə onları bir qədər yuxarı vəziyyətdə saxlamaq, məsələn, bükülmüş yorğan üzərinə qoymaq faydalıdır”, – deyə Yelena Jurakovskaya bildirib.

Mütəxəssis əlavə edib ki, sağlam yuxu üçün əsas məqsəd bədənin tam rahatlamasını təmin etmək və gecə ərzində orqanizmin effektiv şəkildə bərpa olunmasına şərait yaratmaqdır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью