Nəyə görə başqalarının fikrinə ehtiyacımız var?

25.08.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanların başqaları tərəfindən bəyənilmək və qəbul olunmaq istəyi təbii ehtiyac olsa da, bu istəyin həddindən artıq olması insanın öz qərarlarına və davranışlarına təsir göstərə bilər.

Bəzi insanlar daim ətrafındakıların fikrini düşünür, tənqid olunmaqdan çəkinir və öz istəklərini ikinci plana keçirərək başqalarını razı salmağa çalışırlar.
Bu vəziyyət zamanla özünəinamın azalmasına, narahatlığa və emosional yorğunluğa səbəb ola bilər.

Maraqlıdır, insan niyə daim başqalarının təsdiqinə və bəyənməsinə ehtiyac duyur?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan sosial varlıqdır:

“Özünü başqaları ilə münasibətdə tanıyır və cəmiyyətin verdiyi reaksiyalardan təsirlənir. Problem o zaman başlayır ki, insan öz dəyərini özü müəyyənləşdirə bilmir və bunun üçün daim başqalarının təsdiqinə ehtiyac duyur.

Bəzi insanlar üçün var olmaq kifayət etmir, öz varlığını başqalarına sübut etmək lazımdır. Daha çox qazanmaq, daha çox görünmək, daha çox bəyənilmək onların özlərini dəyərli hiss etməsinin əsas şərtinə çevrilir. Bu, daxili boşluğun və özünəinam probleminin göstəricisi ola bilər.

Başqalarının fikrindən asılı insan bir müddət sonra öz fikrini itirir. Nə istədiyini, nəyi qəbul edib-etmədiyini başqalarının reaksiyasına görə müəyyənləşdirir. Bu, insanın özündən uzaqlaşmasıdır”.

Onun sözlərinə görə, tərif gələndə özünü dəyərli, tənqid gələndə isə dəyərsiz hiss edir:

“Özünəinamını öz daxilində deyil, başqalarının münasibətində axtarır. Bu isə sağlam psixoloji vəziyyət deyil. İnsan öz həyatını başqalarının fikrinə görə qurursa, artıq öz həyatını yaşamır.

Öz reallığını itirir və illüziyanın içində yaşayır. Bu vəziyyət şəxsi, sosial və əmək fəaliyyətinə ciddi təsir edirsə, psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır.

İlk növbədə insan hər kəsi razı salmaq məcburiyyətində olmadığını qəbul etməlidir. Daim başqalarının xoşuna gəlməyə çalışan insan öz həyatını yaşamır.

Şəxsi həyatında, əmək fəaliyyətində və sosial münasibətlərində ciddi problemlər varsa, psixi sağlamlıq mütəxəssisindən dəstək almalıdır. Həyatında ona zövq verən fəaliyyətlər olmalıdır.

Dostları ilə vaxt keçirməli, sosial münasibətlərini gücləndirməli və özünü yalnız başqalarının verdiyi qiymətlə ölçməməlidir.

İnsan özünü təsdiqləmək üçün kütlənin razılığına ehtiyac duymamalıdır. Özünəinam başqalarının “sən yaxşısan” deməsi ilə yaranmır. İnsan əvvəlcə öz dəyərini özü qəbul etməlidir”.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: fikir Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью