Nəziri: “Elə gücümüz yoxdur ki, qərarları dəyişək”

30.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gəncəbasar” Azərbaycan Kubokunda II təsnifat mərhələsində “Xankəndi”ni məğlub edib – 3:2.

Komandanın baş məşqçisi Elhad Nəziri matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– 120 dəqiqəlik kubok matçından qalib ayrıldınız. Matçı şərh edərdiniz. 

– Təbii ki, kubok görüşü olsa da, oyun olaraq bizim üçün çox böyük əhəmiyyəti var idi. Amma nəticə nə olursa olsun, biz çempionat matçına köklənmişdik. Qarşıda iki ağır səfər oyunumuz var, “Səbail” və “Şahdağ Qusar” ilə qarşılaşacağıq. Ondan sonra isə MOİK ilə üz-üzə gələcəyik. Kubokda mərhələ keçməyimiz uşaqların motivasiyası üçün sevindirici haldır. Heyətdə demək olar ki, 90 faiz rotasiya etmişdik, az oynayan futbolçulara şans verdik. Ümumiyyətlə, 120 dəqiqə futbol oldu, amma futbolçulardan çox razı qaldım ki, o 120 dəqiqəni daim intensivlikdə futbol oynadılar, dominantlıq etməyə çalışdılar.

Xüsusən də ikinci yarı, yəni əsl istədiyim futbolu komandamda gördüm, futbolçularımı təbrik edirəm. Rəhbərlik və azarkeşlərin hər birinə təşəkkürümü bildirirəm ki, hər zaman bizim yanımızdadırlar.

– Son dəqiqədəki penalti epizodu çox müzakirə edilir…

– Penaltı epizodu hakimin düz qarşısında idi və onu yalnız referi dəqiq görə bilərdi. Kadrlarda da bir kamera olduğu üçün epizod aydın görünmür, amma sanki top rəqibin əlinə dəyir. Futbolçu da israrla deyirdi, belimə dəyib. Qərarı hakim verir və buna hörmətlə yanaşırıq. Elə gücümüz, özəlliyimiz yoxdur ki, qərarları dəyişək. Bəlkə də, penalti bizim qapımıza verilsəydi, biz də etiraz edərdik. Zatən bu futbolun yazılmayan qanunudur. Amma hakimdən soruşdum və o epizodun gözünün önündə baş verdiyini dedi. Top qapıya doğru gedirdi və oyunçunun onu əllə saxladığını bildirdi. Bizə önəmli olan qələbə qazanmaq idi və bunu bacardıq. Yenə də qeyd edirəm ki, bu oyun artıq geridə qalıb, biz növbəti oyunlara hazırlaşırıq.

– Qarşıdakı üç matçda minimum xal hədəfi nədir? 
– Bu verdiyiniz sualın cavabı mənim istəyim ilə həyata keçsə, təbii ki, 9 xal olmağını istəyərəm. Amma bu futboldur, təbii ki, biz hər oyuna qələbə üçün çıxırıq, çox güclü rəqiblərə qarşı oynayacağıq, çempionatın ən büdcəli komandası ilə üz-üzə gələcəyik. Yenə dediyim kimi, biz hər oyuna qələbə üçün çıxırıq. Bu üç matçın nəticəsi necə olacaq, onu zaman göstərəcək. Amma hər şeyin məsuliyyətini dərk edirik. Yəni rəqib komandalar həm büdcə, həm də şərait baxımından üstündür. Təcrübə də onlardan yanadır. Amma mən futbolçularıma hər zaman inanıram, güvənirəm. Uşaqlara demişəm ki, bizim bir sistemimiz, fəlsəfəmiz var və bu futbolu oynasanız, mənim üçün siz hər oyunda qalibsiniz. Gerisini oyunlardan sonra inşallah danışarıq.

Şahin Cəfərov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью