Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəbələ, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey (“Cotari”) kilsəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş dini mərasim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən Alban-Udi Xristian dini icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfli döyüş yolu xatırlanıb, onların xatirəsi dərin ehtiramla yad edilib.
Mərasimdə çıxış edənlər Alban-Udi icmasının əsrlərdir Azərbaycanda, o cümlədən Qəbələdə yerli xalqla sıx və sarsılmaz bağlarla qaynayıb-qarışdığını, buranı öz doğma vətənləri hesab etdiklərini vurğulayıblar. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi günlərində alban-udilər də torpaqlarımızın işğaldan azad edilməsi üçün könüllü olaraq cəbhəyə yollanıb və vətənin müdafiəsinə qalxıblar.
Tədbirin sonunda icma üzvləri tərəfindən kilsədə şəhidlərimizin ruhuna dualar oxunub və dini ayinlər icra edilib.
Müxbir - Rasim İslamoğlu