Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında növbəti görüşlərini keçiriblər.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Nicat Abasov 10-cu turda qazaxıstanlı Denis Maxnevə məğlub olub. Turnirdə ilk dəfə uduzan qrossmeysterimiz 11-ci turda macarıstanlı Adam Kozakla heç-heçə edib.
Abasov 11 turdan sonra 7,5 xalla turnir cədvəlinə başçılıq edir. Lakin onun ən yaxın izləyicisi Maxnevlə arasındakı bir xal yarımlıq fərq yarım xala enib. Qazaxıstanlı şahmatçının aktivində yeddi xal var.
Qadınların mübarizəsində Gövhər Beydullayeva 10-cu turda türkmənistanlı Lalə Şöhrədovaya qalib gəlib. Təmsilçimiz 11-ci turda qazaxıstanlı Elnaz Kaliaxmetlə xalları bölüşüb.
Xalını səkkizə çatdıran Beydullayeva ikinci pilləyə geriləyib. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdene 8,5 xalla liderliyə yüksəlib. Kaliaxmet isə 6,5 xalla üçüncü yerdədir.
Veteranların turnirində çıxış edən Vüqar Bayramov altıncı turda qırğızıstanlı Urmatbek Asanbekova məğlub olub. Təmsilçimiz 2,5 xalla altıncı pillədə qərarlaşıb.
Kişilərin və qadınların 14 turluq yarışlarının başa çatmasına üç tur qalıb. Veteranların turnirində isə noyabrın 26-da son turun görüşləri keçiriləcək.