Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
86 ton qızıl Nyu-York və Ottavadan Londona daşınıb
Niderland Mərkəzi Bankı (DNB) qızıl ehtiyatlarının bir hissəsini Şimali Amerikadan çıxararaq Londona köçürüb. Bank bu addımı qlobal siyasi qeyri-sabitlik fonunda “böhran vəziyyətinə hazırlıq” kimi qiymətləndirib. Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, mart-avqust ayları ərzində Nyu-York və Ottavada saxlanılan təxminən 313 metrik ton qızılın 86 tonu Londona köçürülüb. Köçürülmədən əvvəl Niderlandın qızıl ehtiyatlarının 31,3 faizi Nyu-Yorkda, 19,7 faizi isə Ottavada saxlanılırdı. Köçürmədən sonra hər iki şəhərin payı 18,5 faizə enib.
Ümumilikdə Niderland Mərkəzi Bankının balansında 612,4 metrik ton qızıl var. Bu ehtiyatların 2025-ci ilin sonuna olan dəyəri 72,2 milyard avro, yaxud təxminən 83,6 milyard dollar təşkil edib.
Bankın rəhbəri Olaf Sleypen yazılı açıqlamasında bildirib ki, köçürülmə nəticəsində qızıl ehtiyatlarının likvidliyi artırılıb.
“Ümid edirik ki, onlardan heç vaxt istifadə etmək məcburiyyətində qalmayacağıq. Lakin dayanıqlılığımızı və hazırlıq səviyyəmizi gücləndirməliyik”, — deyə o bildirib.
27 metrik tondan çox qızıl ABŞ və Kanadadan fiziki olaraq Niderlandın mərkəzində yerləşən Zeyst şəhəri yaxınlığındakı hərbi bazada yerləşən, Mərkəzi Bankın ciddi mühafizə olunan anbarına daşınıb. Bank külçələrin Atlantik okeanını hansı nəqliyyat vasitəsi ilə keçdiyini açıqlamayıb. Daha sonra təxminən eyni həcmdə qızıl Zeystdən Londona göndərilib.
Qızılın qalan hissəsinin köçürülməsi isə başqa üsulla həyata keçirilib. Təxminən 59 metrik ton qızıl Nyu-Yorkda satılıb və əldə olunan vəsait hesabına Londonda qızıl alınıb.
DNB bildirib ki, İngiltərə Bankında saxlanılan qızıl “müasir beynəlxalq ticarət standartlarına uyğun olmalı, dünyada ən asan realizə olunan qızıl hesab edilməli və buna görə böhran vəziyyətində DNB üçün ən əlçatan ehtiyat olmalıdır”.
Bankın açıqlamasına görə, Nyu-York və Ottavada saxlanılan qızıl ehtiyatlarından belə vəziyyətlərdə eyni sürətlə və birbaşa istifadə etmək mümkün deyil.
S.ELAY
XQ