Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Milli QHT Forumunun üzv təşkilatının təmsilçisi Nigar Ramazanova Cenevrədə BMT İnsan Hüquqları Şurasının altmış üçüncü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib.
Nigar Ramazanova çıxışında davamlı sülh və insan hüquqlarının təmin edilməsində cəzasızlıq məsələsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan münaqişəsi və işğal dövründə azərbaycanlılara qarşı ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərlə bağlı məsuliyyət məsələsi həllini tapmayıb.
Ramazanovanın sözlərinə görə, həmin şəxslərin bir qisminin Ermənistanda qəhrəman kimi təqdim edilməsi regionda həqiqi barışıq prosesinə mane olan amillərdən biridir.
Çıxışda Ermənistan cəmiyyətində revanşist çağırışların mövcudluğu da diqqətə çatdırılıb. Nigar Ramazanova Azərbaycana qarşı yeni təcavüz və ərazi iddialarını təşviq edən çağırışların regional sülh üçün risk yaratdığını bildirib.
O, davamlı sülhün təmin edilməsi üçün keçmişdə baş vermiş münaqişələrlə bağlı məsuliyyət məsələlərinin hüquqi müstəvidə həll edilməsinin, zorakılığa çağırışların qarşısının alınmasının və ərazi iddialarını təşviq edən fəaliyyətlərə son qoyulmasının vacibliyini vurğulayıb.
Nigar Ramazanova çıxışında mədəni irs məsələsinə də toxunub. Onun sözlərinə görə, işğal dövründə Azərbaycan ərazilərindən bir sıra mədəniyyət nümunələri Ermənistana aparılıb.
Azərbaycan nümayəndəsi beynəlxalq təcrübədə oğurlanmış və qanunsuz aparılmış mədəni sərvətlərin geri qaytarılması ilə bağlı nümunələrin olduğunu bildirərək, Ermənistanda olduğu iddia edilən Azərbaycan mədəni irsi nümunələrinin ölkəyə qaytarılmasına çağırış edib.
Ramazanova, həmçinin “Christian Solidarity International” təşkilatının Azərbaycanla bağlı bəyanatlarını tənqid edib. O bildirib ki, təşkilatın Azərbaycanı hədəf alan hesab etdiyi bəyanat və fəaliyyətlər Azərbaycanla Ermənistan arasında davam edən sülh və normallaşma prosesinə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, BMT İnsan Hüquqları Şurasının altmış üçüncü sessiyası çərçivəsində Cenevrədə Azərbaycanla bağlı humanitar məsələlər, o cümlədən mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi də gündəmə gətirilib. Ramazanova həmin məsələlərin yüz minlərlə azərbaycanlının təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasına təsir etdiyini bildirib.
“Christian Solidarity International” isə son günlər BMT İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycan və Qarabağla bağlı öz mövqeyini əks etdirən bir sıra bəyanatlar yayıb. Təşkilatın açıqlamalarında Azərbaycanla bağlı ciddi ittihamlar yer alır; bunlar təşkilatın mövqeyi kimi təqdim olunur.
XQ