“Nike”ın doğru seçimi necə uğura çevrildi “sima”nın biznesə təsiri

11.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az 

1980-ci illərdə idman geyimləri bazarında rəqabət kifayət qədər güclü idi. “Adidas” və “Converse” basketbol ayaqqabıları bazarında ön sıralarda yer alır, “Nike” isə bu sahədə mövqelərini gücləndirməyə çalışırdı. Şirkət bazarda fərqlənmək üçün yalnız yeni məhsul hazırlamağın kifayət etmədiyini anlayırdı. Bunun üçün həm məhsulun, həm də brendin istehlakçılar qarşısında güclü bir simaya ehtiyacı var idi.

Həmin dövrdə NBA-da yeni karyerasına başlayan Maykl Cordan diqqət çəkən basketbolçulardan biri idi. 1984-cü ildə Çikaqo “Bulls” komandasına qoşulan idmançı oyun tərzi, atletik göstəriciləri və meydançadakı fərqli üslubu ilə seçilirdi. “Nike” onun gələcəkdə böyük kommersiya potensialına malik ola biləcəyini düşünərək əməkdaşlıq təklif etdi.

Riskli əməkdaşlıq

Əslində, Maykl Cordanın ilk seçimi “Nike” deyildi. O, “Adidas” ilə əməkdaşlığa daha çox maraq göstərirdi. Lakin agenti Devid Falk və ailəsinin dəstəyi ilə şirkətin təklifini dinləməyə razılaşdı. Nəticədə 1984-cü ildə tərəflər beşillik müqavilə imzaladılar. Müqavilənin ümumi dəyəri 2,5 milyon dollar, illik ödəniş isə 500 min dollar idi. Bundan əlavə, Cordan satışlardan royalti əldə etmək hüququ da qazandı.

Bu əməkdaşlıq dövrün şərtləri baxımından “Nike” üçün kifayət qədər böyük risk idi. Şirkət yeni NBA oyunçusuna o vaxta qədər basketbolçular üçün nəzərdə tutulan reklam müqavilələrindən xeyli yüksək məbləğ təklif etmişdi. Müqavilədə hətta xüsusi şərt də var idi: əgər ayaqqabı xətti ilk illərdə müəyyən edilmiş satış hədəfinə çatmasa, “Nike” əməkdaşlığı dayandıra bilərdi.

Bir idmançı, ayrıca brend

Əməkdaşlığın ən fərqli tərəfi Cordanın sadəcə reklam çarxlarında görünən idmançı olmaması idi. “Nike” onun adı ilə ayrıca ayaqqabı xətti yaratmağa qərar verdi. Beləliklə, 1985-ci ildə “Air Jordan” adlı ilk model bazara təqdim olundu.

Bu addım şirkətin marketinq yanaşmasında mühüm fərq yaradırdı. Əvvəlki yanaşmada məşhur idmançılar mövcud məhsulları reklam edirdilərsə, bu dəfə məhsul birbaşa idmançının adı, üslubu və şəxsi imici ilə əlaqələndirilmişdi. İstehlakçılar artıq sadəcə basketbol ayaqqabısı deyil, sevdikləri idmançının adı ilə təqdim olunan məhsul alırdılar.

“Nike” reklam strategiyasında da bu əlaqədən istifadə etdi. Maykl Cordanın meydançadakı hərəkətləri, səbətə doğru sıçrayışları və oyun üslubu reklamların əsas hissəsinə çevrildi. Hətta onun geyindiyi ayaqqabıların NBA-nın forma qaydalarına uyğun olmadığı üçün cərimələnməsi də şirkətin reklam kampaniyasının bir hissəsinə çevrildi. “Nike” bu hadisəni diqqətçəkən marketinq fürsəti kimi təqdim etdi.

Gözləntiləri aşan satışlar

“Air Jordan”ın bazara çıxarılması “Nike”ın gözləntilərini xeyli üstələdi. Şirkət ilk illər üçün təxminən 3 milyon dollarlıq satış hədəfi müəyyənləşdirmişdi. Lakin ayaqqabılar mağazalara təqdim edildikdən sonra ilk iki-üç ay ərzində təxminən 70 milyon dollarlıq satış əldə olundu. İlk ilin sonunda isə bu rəqəm 126 milyon dollara çatdı.

Beləliklə, “Nike” təkcə yeni məhsul satmadı, həm də basketbol ayaqqabıları bazarında özünə daha güclü mövqe qazandı. “Air Jordan” sonradan ayrıca məhsul xəttindən geniş çeşidli ayaqqabı, geyim və aksesuarları əhatə edən “Jordan Brand”ə çevrildi.

Bu əməkdaşlığın nəticələri yalnız ilk illərin satışları ilə məhdudlaşmadı. Cordanın karyerası başa çatdıqdan sonra da onun adı ilə təqdim olunan məhsullara maraq davam etdi. Bu isə şirkətə idmançının aktiv karyerasından asılı olmayan uzunmüddətli biznes modeli yaratmağa imkan verdi.

Doğru simanın biznesə təsiri

“Nike” və Maykl Cordan əməkdaşlığı göstərdi ki, tanınmış şəxsin brendin siması seçilməsi sadəcə reklam qərarı deyil, uzunmüddətli biznes strategiyası ola bilər. Burada əsas məsələ məşhur şəxsin populyarlığından istifadə etməklə yanaşı, onun imicinin məhsulun xüsusiyyətləri və şirkətin hədəfləri ilə uyğunlaşdırılmasıdır.

Məşhur idmançının uğurları, auditoriya ilə qurduğu emosional əlaqə və ictimai nüfuzu istehlakçıların məhsula münasibətinə təsir göstərə bilər. Lakin bu yanaşmanın uğurlu olması üçün seçilən şəxsin tanınması kifayət etmir. Onun dəyərləri, həyat tərzi və ictimai imici təmsil etdiyi brendlə uyğun gəlməlidir.

Əks halda, məşhur şəxslə əməkdaşlıq şirkətə gözlənilən nəticəni verməyə, hətta onun reputasiyasına zərər vura bilər. Çünki istehlakçılar artıq həmin şəxsi yalnız reklam siması kimi deyil, məhsulun və brendin təqdim etdiyi dəyərlərin bir hissəsi kimi qəbul edirlər.

“Nike” və Maykl Cordan nümunəsində isə bu uyğunluq uzunmüddətli kommersiya münasibətinə çevrildi. Şirkət bir idmançının adını qlobal brendə, idmançının özü isə əməkdaşlığını böyük biznes imkanına çevirməyi bacardı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью