Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Son günlər Hindistanda bir çox xəbərlərdə yer alan Nipah virusu, elm və səhiyyə mütəxəssislərinin diqqət mərkəzindədir. İnsanlarda ciddi xəstəliklərə səbəb ola bilən bu virus, qlobal sağlamlıq üçün potensial təhlükə yaratması ilə fərqlənir. Şükür ki, Azərbaycanda bu virusla bağlı heç bir təsdiqlənmiş hal yoxdur və hazırda vətəndaşlarımızı narahat edən bir risk mövcud deyil. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, epidemiyaların qarşısının alınması üçün məlumatlı olmaq və profilaktik tədbirləri bilmək vacibdir.
Bəs qeyd olunan virusdan qorunmaq üçün nələrə əməl etməliyik?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-farmakoloq Aydın Əliyev bildirdi ki, Nipah virusu 1999-cu ildə Malayziyada aşkar edilib və xəstəlik kimi elan olunub:
"Yəni bu, heyvan mənşəli xəstəlikdir və adını da ilk aşkarlandığı Nipah kəndindən alıb. Təbii ki, bu, çox qorxulu virusdur. Bu baxımdan ki, insan orqanizmində, xüsusən beyində iltihabdan tutmuş, bədənin müxtəlif orqanlarında ağır fəsadlar törədə bilər. Xəstəlik uzun müddət davam etdikdə insan komaya düşə, hətta həyatını itirə bilər. Bu xəstəliyin müalicəsi əsasən simptomatik xarakter daşıyır. Yəni əlamətlərə qarşı və orqanizmin ümumi vəziyyətinə uyğun olaraq bədəni möhkəmləndirən, dözümlülüyünü artıran müalicə tədbirləri görülür. Təbii ki, hər zaman virus və infeksion xəstəliklərdən danışarkən insanların sanitar-gigiyenik qaydalara riayət etməsi mütləqdir. Konkret desək, hazırda bu virusun peyvəndi və xəstəliyin səbəbini aradan qaldıran xüsusi müalicə yolu yoxdur. Yəni ona qarşı konkret dərman preparatı mövcud olmadığı üçün ümumi terapiya aparılır. Dünyada bu gün də yanaşma bu cürdür".
Həkim vurğuladı ki, xəstəlik ilk yayıldığı dövrdə donuzlar vasitəsilə keçib və heyvan mənşəli infeksiya hesab olunur:
"Daha sonra isə əsas daşıyıcı kimi meyvə yarasaları göstərilib. Bu yarasaların sidiyi və tüpürcəyi ilə təmasda olmuş meyvələrdən, xüsusilə xurmalardan istifadə edildikdə xəstəlik insana keçə bilər. Eyni zamanda çirkli qida və sular da yoluxma riski yaradır. Buna görə də bu kimi hallardan özünü qorumaq vacibdir. İnsanın ən yaxşı həkimi elə özüdür. İnsan bütün xəstəliklərdə və bütün hallarda sanitar-gigiyenik qaydalara əməl etməyi bacarmalıdır. Hazırda bu virusun dünyada peyvəndi yoxdur və ona qarşı spesifik müalicə mövcud deyil".
Nuriyyə NATİQQIZI