Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İtaliya hökuməti təhsil müəssisələrində niqab və burqa geyimini qadağan edən qərar qəbul edib.
Bununla belə, Bakıvaxtı.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, hicabın istifadəsinə hələ də icazə verilir.
Yeni qaydalara əsasən, siniflərdə italyan dilini ana dili kimi bilməyən və zəif danışan şagirdlərin sayı 30 faizi keçməməlidir. Bu məhdudiyyət təcrübədə təxminən 1 000 sinfi və ya İtaliyadakı bütün siniflərin 0.3%-ni əhatə edəcək.
Müəllim həmkarlar ittifaqları isə bu yeniliyə qarşı çıxırlar. Onların fikrincə, tədbirin həyata keçirilməsi, xüsusən də italyan dilini xarici dil kimi tədris edəcək müəllimlərin işə götürülməsi üçün ayrılan 14 milyon avroluq dövlət maliyyəsi kifayət etməyəcək.
Nəşr qeyd edir ki, mühacirlərin sıx yaşadığı ərazilərdə vəziyyətin necə tənzimlənəcəyi də sual doğurur. Çünki uşaqlar başqa ərazidəki məktəbə köçürüləcəyi təqdirdə onların heç də hamısı dərslərdə iştirak edə bilməyəcək.
Təhsil Nazirliyinin 2022/2023-cü tədris ili üzrə statistikasına əsasən, ölkədə şagirdlərin 11.2%-nin İtaliya vətəndaşlığı olmayıb, siniflərin 7.6%-də isə əcnəbilərin nisbəti 30 faizi aşıb.
Fərmanda həmçinin italyan dilini zəif bilən valideynlər üçün xüsusi kursların təşkili nəzərdə tutulur. Dərslərdə iştirak etməyən valideynləri 200 - 1 000 avro məbləğində cərimə gözləyir.