Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bəs bu “nişan tələsi” fenomeninin kökündə nə dayanır? Vətəndaş haqlıdırmı, yoxsa bu sadəcə diqqətsizlik nəticəsidir?
Əksər hallarda problem nişanların yerləşdirilmə məntiqindədir. Bəzi yerlərdə nişanlar ağac budaqları, reklam lövhələri və ya dirəklərin arxasında gizlənir, ani istiqamət dəyişikliklərindən sonra qoyulur (sürücü nişanı görənə qədər artıq qaydanı pozmuş olur) və ya sürücü üçün əks intuitiv yerlərdə, məsələn, dayanacaqların arxasında və ya yolayrıcının sonunda yerləşdirilir. Nəticə isə eynidir. Sürücü bilmədən qaydanı pozur, kamera isə “müdrik səssizliyi” ilə cəriməni qeydə alır.
Sürücülərin ən çox səsləndirdiyi sual budur: “Bu nişan təhlükəsizliyi artırmaq üçündür, yoxsa büdcəni doldurmaq?” Əgər nişan təhlükəsizlik məqsədi daşıyırsa, o zaman onun aydın, görünən və intuitiv yerdə olması zəruridir. Lakin bir çox hallarda nişanların “gizlənməsi” elə təəssürat yaradır ki, sanki əsas məqsəd sürücünün səhv etməsini gözləmək, sonra isə cərimələməkdir. Bu isə ictimai etimadı sarsıdır, insanlar dövlətin nəzarətini təhlükəsizlik yox, “tələ” kimi görməyə başlayır.
Kameralar, radarlar, avtomatlaşdırılmış sistemlər, bunların hamısı yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub. Amma texnologiya şəffaflıqla müşayiət olunmadıqda, o, inamı yox, qorxunu artırır. Avropada bu sistemlər “prevention-oriented” (qayda pozuntusunun qarşısını almağa yönəlik) işləyir. Sürücüyə əvvəlcədən xəbərdarlıq edilir, nişanlar elektron tablolarda təkrarlanır, kameraların yerləri ictimai açıqdır. Bizdə isə çox zaman post-factum cəza mexanizmi işləyir. Xəbərdarlıq yox, bildiriş var. O da artıq cərimə formasında.
Yol nişanı sadəcə bir metal dairə deyil, o, vətəndaşın hüquqlarını qoruyan informasiya vasitəsidir. Əgər nişan düzgün görünmürsə, əslində vətəndaş məlumatlandırılmır, yəni cərimə hüquqi cəhətdən də şübhəli olur.
Nişan tələsi, təkcə bir yol problemi deyil. Bu, idarəetmə fəlsəfəsinin göstəricisidir. Əgər sistemin məqsədi sürücünü aldatmaq deyil, maarifləndirməkdirsə, onda nişanlar gizlənməməli, əksinə gözə soxulmalıdır. Çünki cəmiyyətin təhlükəsizliyi, 50 manatlıq cərimələrdən yox, etibarlı və ədalətli münasibətdən başlayır.
Leyla Mirzə, Bizimyol.info