Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Nissan günəş panelləri ilə təchiz olunmuş elektrikli SUV-u Ariya-nın xüsusi konsept versiyasını təqdim edib.
Banco.az xəbər verir ki, konsept avtomobilin kapotu, tavanı və arxa qapısına inteqrasiya edilən fotovoltaik panellər ümumilikdə 3,8 kvadrat metr sahəni əhatə edir.
Toplanan günəş enerjisi sabit cərəyana çevrilərək avtomobilin batareyasına ötürülür.
Nissan tərəfindən aparılan real yol sınaqlarına görə, ideal günəşli şəraitdə bu sistem avtomobilin yürüş məsafəsini gündə 23 kilometrədək artıra bilir. Günəşli bölgələrdə, məsələn Dubayda il boyu orta hesabla 21 kilometr əlavə məsafə əldə edildiyi halda, Londonda bu göstərici gündə orta hesabla 10 kilometr təşkil edir.
Şirkət rəsmilərinin sözlərinə görə, bu texnologiya doldurma stansiyalarına baş çəkmə ehtiyacını 35–65 faiz azaltmaq potensialına malikdir. Bu isə xüsusilə elektrik doldurma infrastrukturunun zəif inkişaf etdiyi ərazilərdə sürücülər üçün mühüm üstünlük hesab olunur.
Qeyd edək ki, günəş enerjisi sisteminin kütləvi istehsal modellərinə nə vaxt inteqrasiya ediləcəyi hələlik açıqlanmayıb. Bununla belə, təqdim olunan texnologiyanın mövcud bəzi modellərlə müqayisədə daha yüksək performans göstərməsi diqqət çəkir.