Niyə bu qədər əsəbiyik?

23.08.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar insanların gündəlik həyatda daha tez əsəbiləşdiyini, xırda məsələlərə belə sərt reaksiya verdiyini müşahidə etmək çətin deyil. Tıxacda səbirsizlik, sosial şəbəkələrdə aqressiv müzakirələr, işdə gərginlik, evdə adi söhbətlərin mübahisəyə çevrilməsi... Bəs insanları daha əsəbi edən nədir?
Mütəxəssislərin fikrincə, bunun tək bir səbəbi yoxdur. Stress, yuxu çatışmazlığı, informasiya yükü, sosial şəbəkələrdən həddindən artıq istifadə və davamlı narahatlıq bir-birini tamamlayaraq insanın emosional dözümlülüyünü azalda bilər.
Yuxusuzluq insanı daha gərgin edir
Əsəbiliyin ən çox diqqətdən kənarda qalan səbəblərindən biri yuxudur. Daha keyfiyyətsiz yuxu daha yüksək stress və aqressiya ilə əlaqəlidir. Daha maraqlısı isə odur ki, eksperimental olaraq yuxunun məhdudlaşdırılması insanlarda stress və aqressiyanın artmasına səbəb olub.
Başqa sözlə, gecə cəmi bir neçə saat yatmaq ertəsi gün insanın ətrafındakı hadisələrə münasibətini dəyişə bilər. Məsələn, normal halda əhəmiyyət vermədiyimiz bir söz və ya davranış yuxusuz olduğumuz gün bizi daha asan qıcıqlandıra bilər.
Telefonu əlimizdən qoymamağımız da təsirsiz deyil
Sosial şəbəkələr də emosional vəziyyətimizə təsir edən amillərdən biridir. Lakin burada mühüm məqam var: alimlər sadəcə “sosial şəbəkədən istifadə etmək insanı əsəbiləşdirir” demirlər. Təsirin istifadə formasından və müddətindən asılı olduğu görünür.
Məsələn, insan səhər yuxudan duran kimi telefonda xəbərlərə, mübahisələrə, mənfi şərhlərə və müxtəlif problemlərlə bağlı paylaşımlara baxırsa, günə sakit şəkildə başlamaq əvəzinə beynini ardıcıl olaraq çoxsaylı emosional stimullarla yükləmiş olur.
İnformasiya bolluğu da yorur
Problem yalnız xəbərlərin çoxluğunda deyil. Daim yeni məlumat almaq, mesajlara cavab vermək, bildirişləri yoxlamaq və müxtəlif platformalar arasında keçid etmək insanın diqqətini fasiləsiz şəkildə bölür.
Tədqiqatçılar psixoloji və davranışla bağlı stress amillərinin sosial media yorğunluğuna əhəmiyyətli təsir göstərdiyini müəyyən ediblər.
Bu vəziyyəti gündəlik həyatda təsəvvür etmək asandır: insan işdən yorğun gəlir, amma istirahət etmək əvəzinə saatlarla sosial şəbəkələrdə gəzir. Nəticədə fiziki olaraq dincəlsə də, beyninə yeni informasiya və emosional stimul daxil olmaqda davam edir.
Stress bizi “daha pis insan” etmir
Əsəbilik hər zaman xarakter problemi demək deyil. Ümumdünya Səhiyyə Təşkilatının izahına görə, stress çətin vəziyyətə qarşı təbii reaksiyadır. Lakin stress uzunmüddətli və həddindən artıq olduqda narahatlıq, qıcıqlanma, diqqətin azalması və yuxu problemləri ilə müşayiət oluna bilər.
Bu baxımdan, işdə gün ərzində davamlı təzyiq altında olan insanın evə gəldikdən sonra daha səbirsiz davranması mümkündür. Eyni şəkildə, maddi problemlər, ailədaxili konfliktlər və gələcəklə bağlı qeyri-müəyyənlik insanın emosional “səbr ehtiyatını” azalda bilər.
Sosial şəbəkə həm səbəb, həm də “qaçış yeri” ola bilər
Burada başqa bir paradoks da var. Sosial şəbəkələr bizi yalnız stresə salmır. Sosial medianın stress yaradan amil olmaqla yanaşı, insan üçün sosial dəstək və stressdən uzaqlaşmaq vasitəsi kimi də istifadə oluna biləcəyi qeyd edilir. Tədqiqatçılar əsas məsələnin sosial medianın nə zaman və hansı məqsədlə istifadə edilməsindən asılı olduğunu vurğulayırlar.
Yəni problem “telefon”un özündə deyil. Məsələn, dostlarla yazışmaq, faydalı məlumat almaq və sosial dəstək əldə etmək insan üçün müsbət ola bilər. Əksinə, saatlarla mübahisəli kontentə baxmaq, özünü başqaları ilə müqayisə etmək və davamlı mənfi xəbərlər izləmək tamamilə fərqli nəticə verə bilər.
Bəs nə etmək olar?
Araşdırmaların ümumi mənzərəsi göstərir ki, əsəbiliyi azaltmaq üçün ilk növbədə insanın gündəlik həyatındakı əsas stress mənbələrinə diqqət yetirmək lazımdır.
Yuxu rejiminin yaxşılaşdırılması, sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması, gün ərzində informasiya fasilələrinin yaradılması və fiziki aktivlik kimi sadə addımlar emosional yükün azalmasına kömək edə bilər.
Ən əsası isə davamlı əsəbilik, narahatlıq, yuxu pozuntusu və gündəlik fəaliyyətə təsir edən emosional problemləri sadəcə “xasiyyət” kimi qiymətləndirməməkdir. ÜST stress və narahatlıqla bağlı problemlərin davamlı olduğu və gündəlik həyata təsir göstərdiyi hallarda peşəkar yardımın əhəmiyyətini vurğulayır.
Beləliklə, “Niyə hamı bu qədər əsəbidir?” sualının cavabı yalnız insanların daha səbirsiz olması deyil. Müasir insanın yuxusu, stress səviyyəsi, informasiya istehlakı və sosial media davranışı bir-biri ilə sıx əlaqəlidir. Bəzən bizi əsəbiləşdirən sonuncu hadisə əslində problemin özü yox, gün ərzində yığılan stressin sadəcə son damlası olur.
Alçina Amilqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью