Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mövsüm dəyişiklikləri zamanı tez-tez hiss edilən yorğunluğun səbəbi dəmir çatışmazlığı ola bilər. "Xroniki yorğunluq sindromu"nun fərdlərə mənfi təsir göstərdiyi, onları təkcə fiziki deyil, həm də zehni və emosional cəhətdən zədələdiyi bildirilir.
Əgər xroniki yorğunluqdan əziyyət çəkirsinizsə, diqqətli olun-səbəb dəmir çatışmazlığı ola bilər. “Milliyet” xəbər verir ki, hematologiya üzrə mütəxəssis, dosent Dr. Handan Çipil dəmir çatışmazlığından qaynaqlanan xroniki yorğunluq halları ilə bağlı xəbərdarlıq edib. İstirahətlə aradan qalxmayan və altı həftədən çox davam edən yorğunluğun "xroniki yorğunluq sindromu" kimi təsnif edildiyini izah edən Dr. Çipil qeyd edib: "Xroniki yorğunluq sindromu insana təkcə fiziki deyil, həm də zehni və emosional cəhətdən təsir göstərir. Bunun ən geniş yayılmış səbəbi anemiyadır. Digər tez-tez rast gəlinən səbəblərə qidalanma çatışmazlıqları, vitamin və ya mineral əskikliyi, eləcə də hormonal pozğunluqlar daxildir. Dəmir səviyyəsi aşağı düşdükdə hemoqlobin səviyyəsi də azalır; bu isə anemiyaya və bədən toxumalarına, əzələlərə, eləcə də beyinə çatdırılan oksigen miqdarının azalmasına gətirib çıxarır. Nəticədə, birbaşa enerji itkisi və xroniki tükənmə yaranır. Simptomlar arasında halsızlıq, yorğunluq, baş ağrıları, ürək döyüntüsündə dəyişikliklər, təngnəfəslik, başgicəllənmə, dərinin solğunluğu, əl və ayaqlarda soyuqluq ola bilər."
Dr. Çipil, tərkibində dəmir zəngin olan və bu mineralın sorulmasını asanlaşdıran qidalar haqqında məlumat verərək tərkibində ən çox dəmir olan tərəvəzləri belə sıraladı: cəfəri – 100 qramda 6,0 mq; ispanaq – bir porsiyada 3,6 mq–6,43 mq (bişmiş ispanaqda qatılıq artır); pazı – bir porsiyada 2,3 mq–3,96 mq; çuğundur yarpaqları – bir porsiyada 2,74 mq; yarpaq kələm (collard greens) – bir porsiyada 2,15 mq; yaşıl noxud – bir porsiyada 2,12 mq; qulançar – bir porsiyada 1,64 mq; pırasa – bir porsiyada 1,14 mq; brokoli – 150 qramda 1,0 mq; həmçinin kahı və rukola – bir porsiyada təxminən 0,91 mq.
Dəmirin sorulmasını gücləndirən amilləri iki qrupa-tərkibində C vitamini və ya üzvi turşular olanlar və heyvan mənşəli zülal mənbələri-bölərək o, belə qeyd edib:
-dəmirin sorulmasına təsiri baxımından bu siyahıdakı ən praktiki vasitə limondur. Mərcimək şorbasının və ya yaşıl salatın üzərinə yarım limon sıxmaq, həmin yeməkdəki bitki mənşəli dəmirin sorulmasını artırır. Limon ikiqat funksiya daşıyır: həm C vitamini, həm də limon turşusu vasitəsilə dəmirin sorulmasını asanlaşdırır.
-dəmirin sorulmasını artırmaq üçün ilk addım, qəbul etdiyiniz qidaların tərkibi ilə bağlıdır. Bitki mənşəli dəmir mənbələrini C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək, orqanizm tərəfindən mənimsənilən dəmir miqdarını artırır.
-ikinci addım isə vaxt seçimi ilə əlaqəlidir. Dəmirin sorulmasına mane olan içkilər və əlavələr (məsələn, bitki mənşəli dəmirin sorulmasını əhəmiyyətli dərəcədə azaldan çay) yemək zamanı qəbul edilməməlidir; bunlar arasında ən azı bir saatlıq fasilə saxlayın. Çox vaxt, sadəcə bu vaxt fərqini yaratmaqla, heç bir əlavə vasitəyə ehtiyac qalmadan istənilən nəticəni əldə etmək mümkündür.
-üçüncü addım mənbələrin müxtəlifliyi ilə bağlıdır. Yeməyə az miqdarda ət, quş əti və ya balıq əlavə etmək, həmin boşqabdakı bitki mənşəli dəmirin sorulmasını gücləndirir.
Yalnız bir növ qidaya bel bağlamaq əvəzinə, bu üç addımı tətbiq etmək dəmirin sorulmasını artırmaq üçün daha səmərəli üsuldur.
Tərcümə: Mətanət Məmmədova