Niyə hər şeyi taksitlə alırıq?

21.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son dövrlər istehlak bazarında diqqət çəkən dəyişikliklərdən biri də insanların alış-veriş zamanı ödənişi tam şəkildə etmək əvəzinə, məbləği aylara bölməyə daha çox üstünlük verməsidir.

Taksitlə telefon, məişət texnikası, mebel və digər məhsullar almaq artıq geniş yayılmış praktikaya çevrilib.

Bəs insanların getdikcə daha çox “hissə-hissə” almağa üstünlük verməsi onların maddi imkanlarının göstəricisidir, yoxsa yeni istehlak vərdişinin formalaşmasından xəbər verir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, insanların taksitlə alış-verişə daha çox üstünlük verməsi həm maddi imkanlarla, həm də istehlak davranışının dəyişməsi ilə bağlıdır: 

"Burada əsas məqam ondan ibarətdir ki, taksit mexanizmi məhsulun qiymətini deyil, onun aylıq ödənişini istehlakçı üçün daha əlçatan göstərir. Məsələn, bir məhsulun 1200 manatlıq qiyməti birdəfəlik ödəniş zamanı ağır görünə bilər, amma 12 aya bölündükdə aylıq 100 manat kimi qəbul edilir. Bu da insanın həmin məhsulu almaq qərarını asanlaşdırır.

Lakin taksit alışlarının artmasını avtomatik olaraq əhalinin maddi vəziyyətinin pisləşməsi kimi qiymətləndirmək düzgün olmaz. Bir tərəfdən gəlirlərini idarə edən və pulunu birdəfəlik xərcləmək istəməyən istehlakçı üçün taksit rahat maliyyə alətidir". 

Onun sözlərinə görə, digər tərəfdən isə gəliri məhdud olan insanların zəruri və hətta bəzi hallarda qeyri-zəruri məhsulları almaq üçün gələcək gəlirlərini indidən öhdəliyə çevirməsi mümkündür:

"Bu baxımdan, taksitlərin geniş yayılması həm yeni istehlak vərdişinin, həm də müəyyən təbəqələr üçün maliyyə imkanlarının məhdudluğunun göstəricisi ola bilər. Taksit imkanlarının genişlənməsi qısa müddətdə istehlakı artırır. İnsan birdəfəlik ödəyə bilmədiyi məbləği aylara bölərək məhsulu indi əldə edir.

Bu isə mağazaların satışını, kreditləşməni və ümumi tələbi stimullaşdırır. Ancaq burada bir risk də var ki, çoxsaylı taksit öhdəlikləri insanların gələcək aylardakı sərbəst gəlirini azaldır. Nəticədə bu gün daha çox alış-veriş edən istehlakçı sabah digər xərclərini azaltmalı və ya yeni borclanmaya müraciət etməli ola bilər". 

Ekspert qeyd edib ki, ona görə taksitli alış-verişin artmasına yalnız “əhalinin pulu çatmır” və ya yalnız “istehlak mədəniyyəti dəyişib” yanaşması ilə baxmaq doğru deyil: "Əsas göstərici taksitlərin gəlirlərə nisbətidir. Əgər insanlar taksit ödənişlərini gəlirlərinin kiçik hissəsi hesabına rahatlıqla qarşılayırlarsa, bu daha çox maliyyə planlaşdırması və yeni istehlak vərdişi kimi qiymətləndirilə bilər. Taksit ödənişləri gəlirin əhəmiyyətli hissəsini tutmağa başlayırsa, bu artıq gələcək gəlirlərin əvvəlcədən xərclənməsi və borc yükünün artması riskini göstərir". 

Gülər Həsənli
"Cebheinfo.az"

Açar sözlər: taksit Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью