Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qardaş Türkiyədə, daha doğrusu, Türkiyə ərazisində və türkcə yayılan media orqanlarında əsassız anti-Azərbaycan yazıları bu günlərdə Bakıda keçirilən iki önəmli toplantıda (da) dartışıldı.
O toplantılardan birində iştirak edirdim, yığcam çıxışım da oldu.
Məncə, belə tolantıların canlı və ya virtual olaraq davam etməsi ümumi işimizə xeyir verər.
Gəlin indi “niyə, necə, kimlərlə, nə vaxtadək?” və s. - kimi sualların özünü çox da təkrar etmədən, məna-məzmununu incələməyə çalışaq.
Əlbəttə, bu mövzu Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterinə, bölgəmizdə geosiyasi proseslərin gedişatına və üçüncü tərəflərin təsir imkanlarına birbaşa toxunan, həssas və çoxqatlı məsələdir.
Azərbaycan ilə Türkiyə arasında münasibətlər tarixi, mədəni, etnik, siyasi və hərbi baxımdan nadir rast gəlinən bir müttəfiqlik örnəyidir.
Özəlliklə 44 günlük Vətən müharibəsindən sonra “Bir millət, iki dövlət” şüarı yalnız poetik yox, gerçək geosiyasi məzmun-mahiyyət qazandı.