Niyə regionlarda kredit faizləri Bakıya nisbətən daha yüksəkdir?

29.01.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Regionlarda verilən kreditlərin faiz dərəcələrinin Bakıya nisbətən daha yüksək olması uzun müddətdir müzakirə edilən məsələlərdəndir. Eyni gəlirə və oxşar kredit tarixçəsinə malik iki müştəridən birinin Bakıda, digərinin rayonda müraciət etməsinə baxmayaraq fərqli faizlə kredit alması bir çoxlarını düşündürür. Bəs, regionlarda verilən kreditlərin faiz dərəcələri Bakıyla müqayisədə niyə daha yüksəkdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit faizləri əsasən risk səviyyəsindən asılıdır:

“Ümumiyyətlə, kredit faizi kredit riskinin göstəricisidir. Kredit riski o deməkdir ki, borcun qaytarılmama ehtimalı və ya qaytarılmasında problemlərin yaranma riski yüksək olur. Bu isə bank üçün əlavə xərclər deməkdir. Bank müştəri ilə əlaqə saxlamalı, zəng etməli, lazım gəldikdə məhkəməyə müraciət etməlidir. Sonradan icra mərhələsi başlayır və bütün bunlar bank üçün əlavə xərc yaradır”.

Ekspertin sözlərinə görə, regionlarda bu proses daha çətin başa gəlir:

“Region filiallarında problemli kreditlərlə məşğul olacaq ixtisaslaşmış işçilər adətən olmur. Rayonda problem yaranarsa, bank əlavə işçi ayırmalı, onu ora göndərməlidir. Bu da əlavə xərcdir və nəticədə faizlər yüksəlir”.

Əkrəm Həsənov girov məsələsinin də mühüm rol oynadığını vurğulayıb:

“Regionlarda girov kimi qoyulan əmlakı satmaq Bakıya nisbətən daha çətindir. Çünki alıcı marağı az olur. İnsanlar rayonda torpaq və ya ev almağa o qədər də meylli deyillər. Üstəlik, bölgələrdə hamı bir-birini tanıyır və problemli əmlakı almaq istəmirlər. Bakıda isə bu cür çətinliklər demək olar ki, yoxdur”.

Beləliklə, ekspertin fikrincə, regionlarda kredit riskinin və bank xərclərinin daha yüksək olması faiz dərəcələrinin də artmasına səbəb olur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью