Nizam intizamın və bərabərliyin rəmzi...

14.10.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu qərar çoxdan qəbul edilməli idi - Rəşad Məcid

Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil, həm də uşaqların dünyagörüşünün formalaşdığı, ictimai davranış qaydalarını mənimsədiyi və gələcək həyata hazırlandığı mühüm tərbiyə mühitidir. Bu mühitdə dərsə münasibətdən tutmuş müəllim-şagird münasibətlərinə, davranış qaydalarından geyim mədəniyyətinə qədər hər bir detalın öz yeri var. Məktəbdə müəyyən edilmiş qaydalara əməl olunması təhsil prosesinin nizamlı təşkilinə, şagirdlər arasında bərabərliyin qorunmasına və ümumi məktəb mədəniyyətinin formalaşmasına xidmət edir. Bu baxımdan vahid məktəbli formasının tətbiqi sadəcə geyim seçimi deyil, təhsil müəssisəsində ortaq qayda və məsuliyyət anlayışının möhkəmləndirilməsidir.

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı qaydalara dəyişiklik etməsi bu məsələnin hüquqi çərçivəsini daha da dəqiqləşdirir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə müəyyən edilib ki, şagirdlərin təsdiq olunmuş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Qərarda, həmçinin valideynlərin övladlarının müəyyən edilmiş geyim qaydalarına riayət etməsini təmin etməli olduqları və bu məsələlərlə bağlı qərarların məktəbin Pedaqoji Şurası tərəfindən həll edildiyi vurğulanır.

Məktəb mühitində bərabərliyin möhkəmləndirilməsi

Məktəbli formasının əsas məqsədlərindən biri şagirdlərin sosial və maddi imkanları arasındakı fərqlərin geyim vasitəsilə nümayiş etdirilməsinin qarşısını almaqdır. Müxtəlif ailələrdə böyüyən uşaqların eyni geyim qaydalarına əməl etməsi onların özlərini vahid kollektivin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə kömək edir. Bu yanaşma şagirdlərin diqqətini geyim markalarına, dəbə və zahiri görünüş müqayisələrinə deyil, dərsə, biliyə və şəxsi inkişafa yönəltmək baxımından da əhəmiyyətlidir.

Vahid məktəbli forması, eyni zamanda, məktəbdə nizam-intizamın qorunmasına xidmət edir. Qaydaların əvvəlcədən müəyyənləşdirilməsi şagirdlərə məsuliyyət hissini aşılayır, onlarda ümumi tələblərə hörmət və kollektiv mühitdə davranış mədəniyyəti formalaşdırır. Burada əsas məsələ yalnız eyni geyimi geyinmək deyil, məktəbin müəyyən etdiyi qaydalara şüurlu şəkildə əməl etmək vərdişinin yaradılmasıdır.

Azərbaycanın təhsil sistemi dünyəvilik prinsipinə əsaslanır. Bu prinsip təhsil prosesinin dini təsirlərdən asılı olmadan, elmi biliklər, milli və ümumbəşəri dəyərlər əsasında təşkilini nəzərdə tutur. “Ümumi təhsil haqqında” Qanuna 2026-cı il iyulun 7-də edilmiş dəyişikliklərdə də millilik və dünyəvilik ümumi təhsil siyasətinin prinsipləri sırasında əksini tapıb.

Ziyalılarımız ayıq-sayıq olmalıdır...

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qəbul etdiyi qərar müsbət qarşılanmalıdır:

“Əslində bu qərar çoxdan qəbul edilməli idi. Təəssüf ki, bəzi dini təmayüllü insanlar xaricdən gələn müəyyən dini təsirlərə məruz qalaraq körpə balalarına hicab geyindirirlər. Bu da dünyəvi dövlət üçün qəbul olunan deyil. Lakin bu məsələni ümumilikdə hicaba qadağa kimi qəbul edərək, məsələni qalmaqala çevirmək düzgün deyil. Qalmaqal yaradarkən bəlli olur ki, məhz bu addımları müəyyən qüvvələrin təsiri ilə edirlər. Azərbaycanda hicabı hər yerdə normal geyinirlər, heç kim müxtəlif tədbirlərdə, küçələrdə, iş yerlərində hicablı qadınlara gülən ağır söz demir. Ona görə də hiss olunur ki, Azərbaycanın dünyəvi dövlət olmasına qarşı atılan bu addımlar xarici qüvvələr tərəfindən dini təsir vasitəsi kimi istifadə olunur.

Hesab edirəm ki, ziyalılarımız ayıq-sayıq olmalı, mümkün təhlükələri hiss etməlidirlər. Biz dövlətimizin yanındayıq, Nazirlər Kabinetinin qərarı da düzgün və yerində verilmiş qərardır”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью