Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müasir dünyanın siyasi səhnəsində beynəlxalq təşkilatların və mükafatların daşıdığı missiya növbəti dəfə ciddi sorğulanma mərhələsinə qədəm qoyur.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, 2026-cı il Nobel Sülh Mükafatının "sülh və beynəlxalq hüququn tətbiqində göstərdiyi səylərə görə" cənubi afrikalı tanınmış hüquqşünas Navi Pilleyə verilməsi qlobal siyasi mərkəzlərdə fərqli və kəskin reaksiyalarla qarşılanıb.
İsrailə qarşı uzun illərdir davam edən hüquqi və siyasi ittihamları ilə tanınan Navi Pilley xüsusilə 7 oktyabr hadisələrindən sonra BMT-nin Qəzzadakı vəziyyəti araşdıran Xüsusi Komissiyasına sədrlik edib. Həmin komissiyanın 2025-ci ilin sentyabrında təqdim etdiyi və İsraili Qəzzada soyqırımı törətməkdə ittiham edən hesabatı Təl-Əviv rəsmi şəkildə rədd etsə də, komissiya sədrinin dünya səviyyəli mükafatla təltif olunması Qərbdə və xüsusən Avropa siyasi dairələrində İsrailə münasibətin hansı həddə dəyişdiyini, Təl-Əvivin diplomatik toxunulmazlıq zirehinin necə aşındığını bir daha nümayiş etdirir.
Gözlənildiyi kimi, Nobel Komitəsinin bu qərarı İsrail Xarici İşlər Nazirliyinin kəskin reaksiyasına səbəb olub. Nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, əgər dünyada yalan, nifrət və qanlı böhtanlara görə xüsusi bir mükafat təsis edilsəydi, Navi Pilley bu nominasiyanın şəriksiz favoriti olardı. Rəsmi Təl-Əviv Pilleyin fəaliyyətini İsrailin sistemli şəkildə "şeytanlaşdırılması" siyasəti, Nobel Komitəsinin qərarını isə anti-İsrail riyakarlığının və nifrətin beynəlxalq səviyyədə legitimləşdirilməsi kimi qiymətləndirib.
Mükafatın təqdim edilməsinə ən səs-küylü münasibət isə ABŞ prezidenti Donald Trampdan gəlib. Özünün diplomatik uğurlarını xatırladan Tramp Norveç Nobel Komitəsinin qərarını sərt sözlərlə tənqid edərək öz narazılığını açıq müstəviyə daşıyıb:
"Mən 8 müharibəni dayandırmışam. Kömək etdiyim hər bir ölkənin dövlət və hökumət rəhbəri Norveç Nobel Komitəsinə rəsmi məktub göndərib. İndi daha iki böyük münaqişəni - İran və Rusiya-Ukrayna böhranlarını həll etmək üzrəyəm. Təkcə Pakistan və Hindistan arasında dayandırdığım qarşıdurma mənə bu mükafatı qazandırmağa kifayət edirdi. Düzünü desək, mən bir deyil, tam səkkiz Nobel Sülh Mükafatına layiqəm. Şərqi Avropadan 900-dən çox siyasi məhbusun, dünyadan isə 196-dan çox girovun heç bir ödəniş edilmədən azad olunmasını təmin etmişəm. Bütün bunlara baxmayaraq, mükafat BMT-də çalışan və heç kimin tanımadığı liberal bir bürokrata verilir. Mənim təmsil etdiyim ABŞ bu mükafatı almalı idi. Bu, Norveçin üzərində silinməz bir ləkədir".
2026-cı ilin Nobel Sülh Mükafatı ətrafında yaranan bu qalmaqal bir daha göstərir ki, beynəlxalq təsisatların verdiyi qərarlar təkcə hüquqi müstəvidə deyil, həm də böyük güclərin maraqlar toqquşmasında ciddi təzyiq rıçaqına çevrilib. Navi Pilleyin mükafatlandırılması bir tərəfdən BMT-nin insan hüquqları xəttinin Qərbdəki simvolik qələbəsi kimi təqdim olunsa da, digər tərəfdən Vaşinqton və Təl-Əviv cəbhəsində "qərəzli ideoloji qərar" kimi dəyərləndirilməkdədir.