Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün tanınmış yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Olqa Tokarçukun doğum günüdür.
Kulis.az İbrahim Azizin "Miflərin qatili" yazısını təqdim edir.
Müasir ədəbiyyatın ən parlaq və ziddiyyətli simalarından biri - saçlarındakı dolaşıq hörükləri, sakit baxışları və iti zəkası ilə dünyanı özünə heyran qoyan, lakin öz vətənində bəzən "satqın" damğası ilə üzləşən qadın – Olqa Navoya Tokarçuk.
O, təkcə yazıçı deyil, həm də Polşa cəmiyyətinin kollektiv yaddaşını, travmalarını və ört-basdır edilmiş günahlarını üzə çıxaran psixoloqdur.
2018-ci il Nobel Ədəbiyyat Mükafatına layiq görüləndə (təqdimat 2019-cu ildə baş tutdu) dünya onu "Həssas təhkiyəçi" kimi alqışlasa da, Varşavadakı bəzi dairələr bu qələbəni milli qürura vurulan zərbə kimi qarşıladılar.
Bəs səbəb nədir? Niyə bu incə ruhlu qadın mühafizəkar Polşa üçün bir nömrəli "ictimai düşmən"ə çevrildi? Gəlin, Tokarçukun həyat və yaradıcılığının dərinliklərinə, o cümlədən qalmaqalların mərkəzinə doğru səyahətə çıxaq.
Olqa Tokarçuk 1962-ci ildə Polşanın Sulechów şəhərində, müəllim ailəsində doğulub. Uşaqlığı kitabxana rəfləri arasında, sərhədlərin və mədəniyyətlərin kəsişdiyi bir mühitdə keçib.
Lakin onun ədəbiyyata gəlişi birbaşa olmayıb. Varşava Universitetində psixologiya təhsili alan Olqa, uzun müddət psixoterapevt kimi fəaliyyət göstərib.
Karl Qustav Yunqun nəzəriyyələrinə olan heyranlığı onun sonrakı bütün yaradıcılığına sirayət edəcəkdi.
Terapiya seanslarında xəstələrini dinləyərkən bir həqiqəti kəşf etdi: insanlar həyatlarını fraqmentlər şəklində yaşasalar da, onu bütöv hekayəyə çevirməyə can atırlar.
Bir gün dərk etdi ki, o, xəstələrindən daha çox narahatlıq keçirir, onların hekayələri ruhuna axır və orada ilişib qalır.
Sonralar o, terapevt yox, əslində hekayəçi olduğunu etiraf edəcəkdi. Psixologiyadan uzaqlaşsa da, psixoloq baxışı, yəni insan ruhunun qaranlıq və gizli künclərini görmək qabiliyyəti qələminin mürəkkəbinə qarışdı.
İlk ciddi uğurunu "İbtidai və digər zamanlar" ("Prawiek i inne czasy") romanı ilə qazandı.
Müəllif bu əsərdə Polşanın xəyali kəndini kainatın mərkəzinə çevirərək zaman, tarix və insan taleyinin necə çulğalaşdığını mifoloji realizm üslubunda təsvir edirdi. Lakin bu, böyük təlatümdən öncəki sükut idi.
Tokarçuk ənənəvi roman strukturunu alt-üst edən yazıçıdır. 2018-ci ildə Beynəlxalq Buker Mükafatına layiq görülən "Bieguni" ("Flights") romanı bunun ən bariz nümunəsidir.
Müəllif bu əsəri "Bürc romanı" adlandırır. Göydəki ulduzlar bir-birindən ayrı olsa da, biz onlara baxarkən vahid bürc, bütöv mənzərə gördüyümüz kimi, Tokarçukun mətnləri də belədir: fraqmentlər, səyahət qeydləri, insan anatomiyasının tarixi, Şopenin ürəyinin gizli daşınması əhvalatı…
Əsərin adı ("Bieguni") qədim rus təriqətindən götürülüb. Həmin təriqətin inancına görə, dünya Şeytanın əməlidir və onun caynağından qurtulmağın yeganə yolu daimi hərəkətdə olmaqdır.
Dayanmaq – günaha batmaq, sistemin toruna düşmək deməkdir. Tokarçuk bu metaforanı müasir dünyaya şamil edir: hava limanlarında ömür sürən, köklərindən qopmuş, daim hərəkətdə olan insan...
Bu əsər ona dünya şöhrəti gətirsə də, eyni zamanda müəllifi kosmopolitizmdə və milli dəyərlərdən uzaqlaşmaqda ittiham edənlərin əlinə bəhanə verdi.
Tarixi yenidən yazan qadın
Olqa Tokarçuku yalnız istedadlı yazıçı kimi qəbul etmək sadəlövhlük olardı; o, Polşanın ən cəsarətli intellektual üsyançısıdır.
Əsl fırtına 2014-cü ildə, müəllifin şah əsəri sayılan "Yakovun kitabları" ("Księgi Jakubowe") işıq üzü görəndə qopdu.
900 səhifəlik bu nəhəng roman XVIII əsrdə özünü Məsih elan etmiş yəhudi mistiki Yakov Frankın həyatından bəhs edir.
Lakin məsələ yalnız tarixi roman yazmaqda yox, Tokarçukun Polşa tarixinə yanaşmasında idi.
Bu əsər Polşanın "tolerant və çoxmədəniyyətli cənnət" olması barədəki rəsmi tarixi mifləri alt-üst edirdi.
Müəllif təhkimli kəndlilərin məşəqqətli həyatını, antisemitizmi və katolik kilsəsinin rolunu bütün çılpaqlığı ilə təsvir etmişdi.
2015-ci ildə Polşanın ən nüfuzlu ədəbi mükafatı olan "Nike"nin təqdimat mərasimindəki çıxışı isə əsl bomba effekti yaratdı. Tokarçuk milli televiziya efirindən cəsarətlə bəyan etdi:
"Biz Polşa tarixini açıq, tolerant, əlləri heç kimin qanına batmamış bir ölkənin tarixi kimi təsəvvür etmişik. Lakin həqiqət budur ki, biz müstəmləkəçi olmuşuq, milli azlıqları əzmişik, qul sahibi olmuşuq və yəhudiləri qətlə yetirmişik".
Bu sözlər mühafizəkar və millətçi Polşa cəmiyyətini şoka saldı. Sağçı mətbuat və siyasətçilər dərhal hücuma keçdilər.
Onu tarixi xəyanət rəmzi olan "tarqoviçanın", yəni vətən xaini, "Polşa yaddaşının qatili" və "Polşa əleyhinə təbliğatçı" adlandırdılar.
İnternetdə nifrət kampaniyası başladı, vəziyyət o həddə çatdı ki, həyatı təhlükədə olan yazıçı bir müddət cangüdənlə gəzməli oldu. Nəşriyyatına isə təhdid məktubları yağırdı.
Tokarçuk isə geri çəkilmədi. O, ədəbiyyatın vəzifəsinin insanları ovutmaq yox, narahat etmək olduğunu bəyan etdi.
Müsahibələrində vurğulayırdı ki, cəmiyyət öz tarixi ilə üzləşməli, qurban rolundan çıxıb cəllad olduğunu da qəbul etməlidir.
Bu addım Polşanın hazırkı siyasi kursuna, yəni yalnız qəhrəmanlıq və qurbanlıq üzərində qurulmuş tarixi narrativə birbaşa meydan oxumaq idi.

Ekofeminizm və qəzəb
Müəllifin digər qalmaqallı əsəri olan "Ölülərin sümükləri üzərindən sür kotanını " ("Drive your plow over the bones of the dead") detektiv donuna girmiş ekoloji manifestdir.
Baş qəhrəman Yanina Duşeyko astrologiyaya inanan, heyvanları sevən və cəmiyyətin dəli hesab etdiyi yaşlı qadındır.
Kənddəki ovçular, yəni yerli kişilər, məmurlar və polislər müəmmalı şəkildə ölməyə başlayanda Duşeyko bunun heyvanların qisası olduğunu iddia edir.
Bu roman patriarxal cəmiyyətə, ovçuluq mədəniyyətinə və təbiətin istismarına qarşı sərt ittihamnamədir.
Bəzi polşalı tənqidçilər və din xadimləri əsəri ekoterrorizmin təbliği, həmçinin xristian dəyərlərinə zidd addım kimi qiymətləndirdilər.
Hətta əsər əsasında çəkilmiş "İz" filmi ekranlara çıxanda bəzi jurnalistlər onu "Polşa əleyhinə təbliğat" adlandırdılar; çünki filmdə yerli kişilər, xüsusilə də ovçular qəddar və mənfi obrazda təsvir olunmuşdu.
Tokarçuk isə buna yalnız təbəssümlə qarşılıq verirdi: o, cəmiyyətin görməzdən gəldiyi yaşlı qadın obrazına dağıdıcı güc bəxş etmişdi.
Nobel zəfəri və "həssaslıq" fəlsəfəsi
2019-cu ildə İsveç Akademiyası Olqa Tokarçuku 2018-ci il üzrə Nobel mükafatına layiq görəndə bu, Polşa hakimiyyəti üçün olduqca gərgin vəziyyət yaratdı.
Ölkənin mədəniyyət naziri vaxtilə etiraf etmişdi ki, yazıçının kitablarını sona qədər oxuya bilməyib. Lakin Nobel elə bir zirvədir ki, ona biganə qalmaq qeyri-mümkün idi. Rəsmi təbriklər ünvanlansa da, münasibət soyuq idi.
Tokarçuk Nobel kürsüsündən söylədiyi "Həssas təhkiyəçi" adlı nitqində öz fəlsəfəsini dünyaya bəyan etdi. O, dünyanı bir-birindən qopmuş faktlar yığını kimi deyil, görünməz saplarla bir-birinə bağlı canlı orqanizm tək qavramağı təklif edirdi.
"Həssaslıq sevgi deyil, o, daha dərindir. Bu, başqa varlığın kövrəkliyini, əzaba və zamanın təsirinə qarşı müdafiəsizliyini dərindən duymaqdır. Həssaslıq dünyanı canlı, qarşılıqlı əlaqəli və bir-birindən asılı şəkildə görmək sənətidir."
Bu sözlər onun yalnız yazıçı deyil, həm də dövrümüzün mühüm mütəfəkkirlərindən biri olduğunu sübut etdi. O, eqosentrik "mən" təhkiyəsindən uzaqlaşaraq hər şeyi əhatə edən "dördüncü şəxs" təhkiyəsinə keçməyi arzulayırdı.
Bəlkə də, ən böyük qalmaqal elə budur: bir qadın təkbaşına, sözün gücü ilə bütöv millətin tarixi yaddaşını sorğulamağa cəsarət edir və bu döyüşdən qalib ayrılır.
Olqa Tokarçuku oxumaq yalnız kitab oxumaq deyil, dünyanın dərisinin altına baxmaq, oradakı damarları və döyünən ürəyi görmək deməkdir.
Olqa Tokarçuk - Kimisi üçün xain, kimisi üçün peyğəmbər, amma ədəbiyyat üçün, şübhəsiz ki, əvəzolunmaz hadisə...
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı? “Neft bumu hamıya gülümsəyir” tamaşasının məşqləri yekunlaşır Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır