Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illər Azərbaycanda ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik tələbat məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu isə ailələrin aylıq xərclərinə birbaşa təsir edir.
Ailələrin gündəlik ehtiyaclarını qarşılamaq, uşaqların təhsil və digər xərclərini ödəmək, eyni zamanda gözlənilməz xərclərə hazır olmaq üçün kifayət qədər gəlirə ehtiyacı var.
Bəs dörd nəfərlik bir ailənin normal dolanması üçün ayda minimum nə qədər gəlir lazımdır? Ailənin ərzaq, kommunal, nəqliyyat, geyim, dərman və digər gündəlik xərcləri nə qədər təşkil edir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dörd nəfərlik ailənin normal dolanması üçün aylıq ümumi gəliri 2500-3000 manat civarında olmalıdır:
"Dörd nəfərlik ailənin normal dolanması üçün tələb olunan aylıq gəlir ailənin yaşadığı şəhərdən, mənzil şəraitindən, uşaqların yaşından və həyat tərzindən asılıdır. Ancaq indiki qiymətləri nəzərə alsaq, iki valideyn və iki uşaqdan ibarət ailənin ciddi maddi sıxıntı çəkmədən yaşaması üçün aylıq ümumi gəlirinin təxminən 2500-3000 manat olması məqsədəuyğundur. Bu məbləğ dəbdəbəli həyat üçün deyil, əsas ehtiyacların normal qarşılanması, uşaqların tələbatlarının ödənilməsi və gözlənilməz xərclər zamanı ailənin çətin vəziyyətə düşməməsi üçün nəzərdə tutulur".
İqtisadçının sözlərinə görə, dörd nəfərlik ailənin aylıq büdcəsinin əsas hissəsi ərzaq və gündəlik tələbatlara sərf olunur:
"Bu büdcənin təxminən 900-1100 manatı ərzağa, 180-250 manatı kommunal xidmətlərə, 150-250 manatı nəqliyyata, 150-200 manatı geyimə, 100-150 manatı dərman və tibbi xidmətlərə, 250-350 manatı isə rabitə, uşaqların təhsili, məişət və digər gündəlik ehtiyaclara sərf oluna bilər. Bundan əlavə, ailənin gözlənilməz xərclər üçün müəyyən vəsait ayırması da vacibdir".
A. Nəsirli qeyd edib ki, ailənin kirayədə yaşaması aylıq büdcəyə əlavə yük yaradır:
"Burada mühüm məqam mənzil məsələsidir. Əgər ailənin öz evi varsa, 2500-3000 manat gəlirlə normal dolanmaq mümkündür. Amma ailə kirayədə yaşayırsa, aylıq büdcəyə əlavə olaraq kirayə haqqı da daxil edilməlidir. Bu halda normal yaşayış üçün tələb olunan gəlir 3000-3500 manata, bəzi hallarda isə daha yüksək məbləğə çata bilər".
İqtisadçı hesab edir ki, normal dolanışığı yalnız ərzaq və kommunal xərclərin ödənilməsi ilə ölçmək düzgün deyil:
"Digər tərəfdən, normal dolanışığı yalnız ailənin ac qalmaması və kommunal xərclərini ödəməsi ilə ölçmək düzgün deyil. Ailənin uşaqların təhsilinə, sağlamlığına, istirahətinə pul ayırmaq, geyim və məişət texnikası almaq, eyni zamanda müəyyən qədər yığım etmək imkanı olmalıdır. Əgər ailə bütün gəlirini yalnız gündəlik zəruri ehtiyaclara xərcləyirsə, bu, normal və təminatlı yaşayış hesab edilə bilməz. Ona görə də ailələrin gəlirlərini qiymətləndirərkən təkcə minimum istehlak səbətini deyil, real həyat xərclərini və sosial ehtiyacları da nəzərə almaq lazımdır".
Fəridə Əsədzadə