Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Formula-1”də “Maklaren” pilotu Lando Norris növbəti texniki nasazlıqdan sonra cəza riski ilə üzləşib.
İdman.Biz xəbər verir ki, britaniyalı sürücü Monako Qran-prisində yaşadığı problemlərə görə əlavə güc qurğusu elementlərindən istifadə edib.
Norris həftəsonunun ikinci sərbəst yürüşündə trasda dayanmaq məcburiyyətində qalıb. “Maklaren” problemi araşdırmaq və bolidi yarışa hazırlamaq üçün gecə saatlarında əlavə iş aparıb.
Cümə günü qeydə alınan problem batareya sistemi ilə bağlı olub. Yarışda onun mübarizəni dayandırmasına səbəb olan nasazlıq isə daxiliyanma mühərriki ilə əlaqələndirilir.
Norris artıq üçüncü güc qurğusundan istifadə etdiyini bildirib. O, bundan sonra bolidinə yeni mühərrik qoyulacağı halda start düzülüşündə yer itirəcəyini etiraf edib.
“Problem ondadır ki, mən artıq üçüncü güc qurğusundayam. Bundan artığı cəza deməkdir. Ümid edirəm ki, belə olmayacaq, amma indi hər həftəsonu nəsə baş verir”, - deyə Norris bildirib.
Britaniyalı pilot problemin yalnız “Maklaren”lə məhdudlaşmadığını da vurğulayıb. Onun sözlərinə görə, “Mercedes” motorlarında da mövsümün əvvəlindən etibarlılıqla bağlı çətinliklər yaşanır.
Norris Corc Rassellin problemlərini buna nümunə göstərib. O, “Mercedes HPP” və “Maklaren”in təkrarlanan nasazlıqların qarşısını almaq üçün daha yaxşı işləməli olduğunu deyib.