Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Norveçin qərb sahillərində arxeoloqlar dünyanın ən qədim lövbərlərindən biri ola biləcək daş əşya aşkar ediblər.
Science Norway nəşrinin məlumatına görə, 30 kiloqramdan çox çəkisi olan tapıntı Hespriholmen adası yaxınlığında, suyun təxminən 20 metr dərinliyində, qədim daş karxanasının qalıqları arasında aşkarlanıb.
Əşyanın ətrafı boyunca uzanan oyuq var. Tədqiqatçılar hesab edirlər ki, bu hissəyə kəndir bağlamaqla daşı su nəqliyyat vasitəsini sabit saxlamaq üçün istifadə etmək mümkün olub. Ərazidə minilliklər əvvəl yaşayıb fəaliyyət göstərən insanlar yaşıl daş çıxararaq ondan balta hazırlayırdılar. Güclü su axınları və dalğalarla əhatələnən adaya ağır daşları daşımaq üçün xüsusi vasitələrdən istifadə edilməsi ehtimalı tapıntını daha da əhəmiyyətli edir.
Arxeoloqların fikrincə, əgər daşın lövbər kimi istifadə edildiyi təsdiqlənərsə, bu, Norveçdə indiyədək aşkar edilmiş ən qədim lövbər, hətta dünyada məlum olan ən qədim nümunələrdən biri ola bilər. Bununla belə, tapıntının funksiyası hələ elmi araşdırma və müstəqil ekspert qiymətləndirməsi ilə təsdiqlənməyib. Tədqiqatçılar həmçinin ərazidəki qədim daş karxanasının miqyasını müəyyənləşdirərək daş dövrü insanlarının dənizçilik bacarıqları və həyat tərzi haqqında daha ətraflı məlumat əldə etməyə çalışırlar.
Hazırladı:
S.Rzayeva
XQ