Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Norveçin enerji nəhəngi “Equinor” şirkəti bəzi informasiya texnologiyaları sistemlərinə qarşı kiberhücum aşkar etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına əsasən, kiberhücum istehsal və əməliyyat proseslərinə təsir göstərməyib. Eyni zamanda, indiyədək hər hansı məlumat oğurluğuna dair əlamət aşkarlanmayıb.
Avropanın ən böyük təbii qaz təchizatçılarından biri olan “Equinor” hücumun müəyyən edilməsindən sonra aidiyyəti dövlət qurumlarına məlumat verildiyini bildirib.
Şirkət kiberhücumu zərərsizləşdirmək və informasiya sistemlərinin təhlükəsizliyini, eləcə də bütövlüyünü tam bərpa etmək üçün bütün zəruri resursları səfərbər etdiyini qeyd edib.
“Equinor” hadisə ilə bağlı ictimaiyyətə mütəmadi məlumat verəcəyini də açıqlayıb.