Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu gün çox pis oynadıq. Oyunun bütün komponentlərində zəif çıxış etdik. Nə müdafiədə, nə də hücumda komanda oyunu göstərə bildik”.
İdman.Biz xəbər verir ki, bu sözləri NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının dördüncü turunda “Ordu”ya 71:102 hesabı ilə məğlub olduqları oyundan sonra matçla bağlı fikirlərini bölüşərkən deyib.
Təcrübəli mütəxəssis qarşılaşmada yaşanan çətinlikləri, heyətdəki zədə problemlərini və qarşıdakı məqsədləri diqqətə çatdırıb:
“Halbuki həftə ərzində məşqlərdə yaxşı çalışmışdıq. Oyuna da pis başlamadıq. İlk dəqiqələrdə tempimiz yaxşı idi, mübarizə aparırdıq. Ancaq beş-altı dəqiqədən sonra bu tempi qoruya bilmədik.
Hazırda əsas problemimiz oyunqurucu mövqeyi ilə bağlıdır. Maqsud Hümmətov əlindən gələni edir. Oğuzxan Quliyev isə zədəlidir. Buna görə də rotasiya etməkdə çətinlik çəkirik. Qarşıda bizi çox iş gözləyir. Məşqlərdə daha çox çalışmalı və səhvlərimizi aradan qaldırmalıyıq. “Ordu”nu qələbə münasibətilə təbrik edirəm. Xüsusilə də Polad Həsənovu təbrik etmək istəyirəm”.