Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Asiya və Sakit okean məkanının media birliyi – 65
Moskvada Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyinə həsr olunmuş media forumu keçirilir.
Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbriki dövlət başçısının mətbuat katibi Dmitri Peskov oxuyub.
Vladimir Putinin təbrikində deyilir: “Təşkilat jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir, haqlı olaraq ən nüfuzlu və ən böyük regional media birliklərindən biri hesab olunur”. Rusiya Prezidenti Moskvada keçirilən görüşün keyfiyyətli, obyektiv və peşəkar jurnalistikanın dəyərlərinə əsaslanan işgüzar və şəxsi əlaqələrin möhkəmləndirilməsinə, media ictimaiyyətinin konsolidasiyasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Media forumun açılışında çıxış edən Dmitri Peskov qeyd edib ki, dünya informasiya agentlikləri bu gün həm texnoloji inkişafın yüksək tempi, həm də qlobal iqtisadiyyatda, siyasətdə və beynəlxalq münasibətlər sistemində baş verən transformasiya ilə bağlı görünməmiş çağırışlarla üzləşir.
Xatırladaq ki, tədbirdə 20-dən çox ölkədən 60-dan artıq nümayəndə iştirak edir. Forumda Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Vüqar Əliyev təmsil edir.
***
Forum çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Vyetnamın VNA agentliyinin baş direktoru, xanım Vu Viet Tranq ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti diqqət mərkəzində olub. VNA ilə əməkdaşlığa böyük önəm verildiyini bildirən Vüqar Əliyev sosial medianın güclü təsirləri fonunda xəbər agentliklərinin əməkdaşlığı daha da genişləndirmələrinin zəruriliyini qeyd edib. Bildirib ki, bunun ən aydın göstəricisi ikitərəfli xəbər mübadiləsidir və bu məsələyə diqqətin artırılmasına böyük ehtiyac var.
AZƏRTAC ilə əməkdaşlığın onlar üçün də önəmli olduğunu söyləyən xanım Vu Viet Tranq VNA agentliyinin hər il Şuşa Qlobal Forumunda təmsil olunduğunu söyləyib. Qeyd edilib ki, etibarlı xəbər mənbəyi olan agentliklərin məlumatları məhz dezinformasiyaya qarşı güclü təsir alətidir. O da öz tərəflərindən xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində səylərini artıracaqlarını vurğulayıb.
Xatırladaq ki, AZƏRTAC və VNA ötən ilin mayında Bakıda yeni əməkdaşlıq memorandumu imzalayıb. Hər iki agentlik OANA çərçivəsində uğurla əməkdaşlıq edir.
XQ