Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Xankəndi, 10 noyabr, AZƏRTAC
Bu gün Xankəndidə Azərbaycan gəncləri ilə görüşün təşkili çox gözəl və tarixi bir missiyadır. Çünki bu gənclərin valideynləri vaxtilə bu şəhərdə yaşayıblar, lakin 30 il ondan ayrı düşüblər. İndi həmin valideynlərin övladları azad olunmuş Xankəndidə, öz şəhərlərindədirlər. Bu, torpağa sahiblənmək deməkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq artisti Nurəddin Mehdixanlı Xankəndidə keçirilən “Zəfər nəsli” gənclər düşərgəsi barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan gənclərinin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, bu torpaqları görməsi, onların havasını udması və suyunu içməsi özünə, yurduna və Vətəninə qayıdışın ifadəsidir. Bu görüşlər sadəcə gənclərlə təşkil olunan tədbir deyil, həm də Qarabağın yenidən doğmalaşdırılması və bu torpaqlara sahib çıxılması baxımından mühüm əhəmiyyət daşıyır.
N.Mehdixanlı qeyd edib ki, bu torpaqlar uğrunda qan tökülüb, şəhidlər verilib. Buna görə də bugünkü gənclər onlara əmanət edilən dövlətə, bayrağa və torpaqlara sahib çıxmalı, bu əraziləri abadlaşdıraraq gələcək nəsillər üçün doğma yurda çevirməlidirlər.
Xalq artisti belə bir görüşün təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. O, bu kimi səfərlərin və görüşlərin Şuşa, Xankəndi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcərdə də davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
“Bu, çox dəyərli və müqəddəs missiyadır. Mən Azərbaycan gəncliyinə inanıram”, – deyə N.Mehdixanlı əlavə edib.
Müxbir-Mikayıl Məmmədov