Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...

13.11.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə gürcüstanlı idmançı Merab Dvalişvili ilə yaşadığı insidentlə əlaqədar məhkəmə qərarı çıxarılıb.

Milli.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, idmançının altı ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

Məlumatı Gürcüstanın Birinci Kanalı məhkəmə prosesində iştirak edən şəxslərin tanışına istinadən yayıb. Xəbərə görə, Nurməhəmmədovu müşayiət edən şəxslərdən biri də eyni cəzaya məruz qalıb. Bundan başqa, onların hər ikisinə 300 min dirhəm (81 min dollardan artıq) məbləğində cərimə tətbiq olunub.

İnsidentin digər iştirakçıları Merab Dvalişvili və onun dostu Saba Lazişvili isə həbs edilməyib. Onların hər biri hadisə anlarını əks etdirən görüntüləri yaydığına görə 50 min dirhəm (təxminən 13 600 dollar) cərimə ödəməli olacaq.

Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və Sabanın noyabrın 13-də sərbəst buraxılacağını açıqlamışdı. Gürcüstanlı idmançıların cərimələrinin RAF güləş turnirinin təşkilatçıları tərəfindən qarşılanacağı da ehtimallar arasındadır.

Xatırladaq ki, hadisə noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birinin foyesində qeydə alınıb. Müsahibə verən Merab Dvalişviliyə yaxınlaşan Usman Nurməhəmmədov ona zərbə endirib. Ardınca idmançıların ətrafındakı şəxslər arasında kütləvi qarşıdurma yaşanıb.

Əbu-Dabi polisi insidentlə əlaqədar ümumilikdə 10 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan səkkizi davada iştirakda, digər ikisi isə hadisəni videoya çəkməkdə şübhəli bilinib. Araşdırma materialları prokurorluğa təqdim edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью