Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nüvə silahsızlanması Birləşmiş Millətlər Təşkilatının ilk gündəlik məsələlərindən biri olmuşdur və təşkilat onun tamamilə məhv edilməsini hələ də ən yüksək silahsızlanma prioriteti sayır. Təşkilatın yarandığı tarixi kontekstə nəzər salmaq kifayətdir: nüvə silahı dövlətlərarası münasibətlərdə gücün ən radikal aləti kimi məhz o dövrdə formalaşdı və beynəlxalq sistemin bütün sonrakı təhlükəsizlik arxitekturası bu alətin cilovlanması məntiqi üzərində quruldu. Lakin səkkiz onillikdən sonra nüvə silahları qlobal təhlükəsizlik mənzərəsinin tərkib hissəsi olaraq qalır və buradan ilk analitik nəticə çıxır: problemin həlli üçün ayrılan institusional zaman kəsiyi ilə əldə olunan real nəticə arasındakı məsafə genişlənir, beynəlxalq sistem isə nüvə silahını "gələcəyin riski" kimi yenidən kodlaşdırmağa məcbur olur.
29 sentyabr 2026-cı ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsi qlobal təhlükəsizlik və regional münaqişələrin həllinə yönəlmiş bir sıra diplomatik dialoq və tədbirlə yekunlaşdı. Tədbirlər silsiləsinin ən siyasi çəkili hadisəsi "Nüvə Silahlarının Tamamilə Məhv Edilməsi Beynəlxalq Günü"nə həsr olunmuş yüksəksəviyyəli plenar iclas oldu. Baş Assambleya səviyyəsində keçirilən iclas rəsmi anım mərasimini beynəlxalq təhlükəsizlik arxitekturasının vəziyyətini qiymətləndirən, deməli, siyasi məsuliyyət yaradan bir platformaya çevirir. Baş katibin bu platformadan səsləndirdiyi qiymətləndirmə isə qəti idi: "Biz "soyuq müharibə"nin bitməsindən bəri ən təhlükəli nüvə anında toplaşmışıq."
"Soyuq müharibə" dövründə risk yüksək olsa da, rəqabət ikitərəfli, sabit və institusional çərçivəyə salınmışdı; qarşı tərəflərin davranışı proqnozlaşdırıla bilən idi və böhran anlarında əlaqə kanalları işləyirdi. Kuba raket böhranı kimi hadisələr nüvə eskalasiyasının nə qədər real olduğunu göstərmişdi. Lakin sonrakı dövrdə formalaşan silahlara nəzarət müqavilələri və birbaşa kommunikasiya kanalları qarşı tərəfin niyyət və imkanları barədə qeyri-müəyyənliyi azaltmağa xidmət edirdi.
İndiki mərhələnin fərqi məhz çərçivənin özünün zəifləməsidir. Baş katibin müşahidəsi ilə, Hirosima və Naqasakidən səksən bir il sonra nüvə silahları bəşəriyyətin üzərinə kölgə salmaqda davam edir. Birincisi, arsenallar genişləndirilir və modernləşdirilir – silah sistemlərinin yenilənməsi yolu ilə rəqabət yeni texnoloji pilləyə keçir. İkincisi, nüvə silahı dövlətlərarası təzyiq və şantaj aləti kimi açıq şəkildə gündəmə gətirilir. Üçüncüsü, texnoloji irəliləyişlər səhv və yanlış hesablama ehtimalını artırır – bu, ən az diqqət yetirilən, eyni zamanda ən təhlükəli elementdir, çünki qərar qəbul etmə müddətinin sürətlənməsi humanitar və institusional nəzarət mexanizmlərini üstələyir. Dördüncüsü, onilliklər boyu bu təhlükələri cilovlamaq üçün qurulmuş qoruyucu mexanizmlər məhz ən çox lazım olan anda dağılır. Silahlara nəzarət müqavilələrinin qüvvədən düşməsi, bəzi yoxlama və şəffaflıq mexanizmlərinin məhdudlaşması, həmçinin əsas nüvə dövlətləri arasında siyasi dialoqun zəifləməsi bu boşluğu daha da artırır.
Bu diaqnoz konkret institusional uğursuzluqlarla əsaslandırılır və onların eyni vaxtda baş verməsi sistem xarakterli göstəricidir. Birinci uğursuzluq hüquqi-müqavilə səviyyəsindədir. Qeyd edək ki, Yeni START 2010-cu ildə ABŞ və Rusiya arasında imzalanmış və strateji nüvə arsenallarının sayını məhdudlaşdırmaqla yanaşı, qarşılıqlı məlumat mübadiləsi və yoxlama mexanizmləri müəyyən edən əsas silahlara nəzarət müqaviləsi idi. 2021-ci ildə beş il müddətinə uzadılan müqavilə 5 fevral 2026-cı ildə qüvvədən düşdü.
Bunun nəticəsi təkcə nüvə silahına malik dövlətlərin təhlükəsizliyinin zəifləməsi deyil, bütövlükdə beynəlxalq birliyin təhlükəsizliyinin zəifləməsidir, çünki hüquqi məhdudiyyətin olmaması eyni zamanda yoxlama, şəffaflıq və proqnozlaşdırıla bilənlik mexanizmlərinin də itirilməsi deməkdir. İkinci uğursuzluq rejimin dayaq sütunu üzərindədir: Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin on birinci Baxış Konfransı maddi nəticə üzrə konsensusa gələ bilmədi və bununla rejimin normal işləmə qabiliyyəti sual altına düşdü. Üçüncü uğursuzluq danışıqlar mexanizminin özünə aiddir: BMT-nin Silahsızlanma Komissiyası üç illik dövrünü yenidən maddi tövsiyələr olmadan tamamladı.
Çıxışın ən mühüm konseptual dönüşü silahsızlanmanın xarakterinin yenidən təyin edilməsidir. Əgər silahsızlanma könüllü jest kimi qəbul edilirsə, onun təxirə salınması da sadəcə siyasi seçim sayılır və heç bir məsuliyyət yaratmır; əgər hüquqi öhdəlikdirsə, təxirə salınma öhdəliyin pozulması kimi qiymətləndirilir. Baş katib ikinci müstəvini aktivləşdirərək müzakirəni imkan və niyyət dairəsindən məsuliyyət dairəsinə keçirir və bunun üzərində yol xəritəsini qurur. Belə ki, nüvə silahına malik dövlətlər hər hansı nüvə silahının istifadəsini istisna etmək üçün dialoqa qayıtmalıdır – bu, eskalasiyanın qarşısını almağın ən elementar pilləsidir.
Eyni zamanda, qeyd olundu ki, ABŞ və Rusiya Federasiyası Yeni START-ın varisi olacaq çərçivə barədə danışıqlar aparmalıdır və bu danışıqlar bütün digər təşəbbüslərin açarı ola bilər, çünki strateji arsenalların iki əsas sahibi arasında çərçivə olmadan çoxtərəfli irəliləyiş real görünmür. Həmçinin, bütün nüvə silahına malik dövlətlər nüvə silahının təhlükəsizlik siyasətindəki rolunu azaltmalı və bunu şəffaflığı təmin edən etimadın möhkəmləndirilməsi tədbirləri ilə müşayiət etməlidir; çünki inamsızlıq şəraitində etimad quruculuğu silah azaldılmasının əsas şərtidir.
Nüvə sınaqlarından zərər çəkmiş insanların yaşadığı faciələr fonunda Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin nəhayət qüvvəyə minməsinin vacibliyi də iclasda vurğulanırdı. Burada əsas fikir ondan ibarətdir ki, nüvə sınaqları insanların həyatına və sağlamlığına təsir edən humanitar problemdir. Buna görə də sınaqların qadağan edilməsi ilə bağlı hüquqi mexanizmlərin işlək vəziyyətə gətirilməsi mənəvi məsuliyyət məsələsi kimi də təqdim olunur.
Beləliklə, bütün bu çağırışları üç əsas fikir ətrafında ümumiləşdirmək mümkündür: təhdidlərin qarşısını dialoqla almaq, silahlanma yarışını silahlara nəzarət mexanizmləri ilə məhdudlaşdırmaq və siyasi fəaliyyətsizliyi konkret addımlarla əvəz etmək. Yəni beynəlxalq sistemdə əsas problemlər təhdidlərin artması, silahlanma rəqabətinin güclənməsi və bu problemlərin həlli istiqamətində kifayət qədər konkret addımların atılmamasıdır. Baş katib bu üç problemin hər biri üçün uyğun vasitə kimi dialoqu, silahlara nəzarəti və real siyasi fəaliyyəti önə çəkir.
Yüksəksəviyyəli həftənin siyasi əhəmiyyəti yalnız nüvə silahına malik böyük dövlətlərin mövqeləri ilə məhdudlaşmır. Məsələ nüvə silahına malik olmayan dövlətlər üçün də birbaşa təhlükəsizlik əhəmiyyətinə malikdir. Bu dövlətlər öz təhlükəsizliklərini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi, nüvə sınaqlarının məhdudlaşdırılması və beynəlxalq yoxlama mexanizmləri kimi çoxtərəfli rejimlərə əsaslandırırlar. Əgər bu mexanizmlər öz funksiyasını yerinə yetirmirsə, ilk növbədə nüvə silahına malik olmayan dövlətlərin təhlükəsizlik mühiti zəifləyir.
Belə bir vəziyyət iki mühüm nəticə yarada bilər. Birincisi, nüvə silahına sahib olmayan bəzi dövlətlər üçün öz təhlükəsizliklərini əlavə vasitələrlə təmin etmək motivasiyası arta bilər. İkincisi, dövlətlərin çoxtərəfli diplomatiyaya və beynəlxalq müqavilələrə olan inamı zəifləyə bilər.
Bu mexanizmlərin işlək vəziyyətdə qalması dövlətlər arasında daha çox proqnozlaşdırıla bilən münasibətlərin, hüquqi bərabərliyin və beynəlxalq hüququn qorunmasına kömək edir. Əksinə, beynəlxalq silahsızlanma və nəzarət mexanizmlərinin zəifləməsi dövlətlərin təhlükəsizliklərini daha çox hərbi gücə əsaslandırdığı bir mühit yarada bilər. Bununla da, beynəlxalq sistemdə güc amilinin rolu daha da arta və qərarların daha az sayda güclü aktorun təsiri altında formalaşması riski yüksə bilər.
Şəbnəm Zeynalova
Xalq qəzetinin siyasi analitiki
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent