Icma.az, Azpost saytına istinadən bildirir.
ABŞ-ın süni intellekt çipləri istehsalçısı “Nvidia”nın səhmləri yeni tarixi maksimuma yüksəlib, şirkətin bazar kapitallaşması isə təxminən 5,8 trilyon dollara çatıb.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Nvidia” səhmləri ilin əvvəlindən 28% bahalaşıb. Bunun nəticəsində şirkətin bazar dəyərinə təxminən 1,2 trilyon dollar əlavə olunub.
Səhmlərin yüksəlişini şirkətin güclü gəlir proqnozları və rekord həcmdə səhm geri alışı proqramı dəstəkləyir. “Nvidia” sentyabrda geri alış proqramına əlavə 150 milyard dollar ayırıb.
Bazar gözləntilərinə görə, şirkətin 2027-ci maliyyə ilində xalis mənfəəti iki dəfə arta, gəlirləri isə təxminən 90% yüksələ bilər. Süni intellekt infrastrukturu və məlumat mərkəzlərinə böyük həcmdə investisiyalar “Nvidia” çiplərinə tələbi yüksək səviyyədə saxlayır.
Bununla yanaşı, “Bloomberg” məlumatlarına görə, şirkətin səhmləri proqnozlaşdırılan mənfəətin təxminən 17 misli səviyyəsində qiymətləndirilir. Bu göstərici son on ilin minimumlarına yaxın olmaqla yanaşı, “S&P 500” indeksinin qiymətləndirməsindən də aşağıdır.
“Nvidia”nın səhmlərində yüksəliş davam edərsə, şirkət tarixdə bazar kapitallaşması 6 trilyon dollara çatan ilk şirkət ola bilər.