Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ-nin Kaliforniya ştatında yerləşən çip istehsalçısı “Nvidia” şirkətinin gəlirləri maliyyə ilinin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 103 faiz artaraq 115,8 milyard dollara çatıb. Bu göstərici bazar analitiklərinin proqnozlarını üstələyib.
AZƏRTAC xəbər verir ki, şirkət oktyabrın 25-də başa çatan üçaylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə “Nvidia”nın gəlirləri əvvəlki rüblə müqayisədə də 20 faiz artıb. Şirkət ötən maliyyə ilinin eyni rübündə 57 milyard dollar gəlir əldə etmişdi. Analitiklərin bu dövr üçün proqnozu isə 108,85 milyard dollar təşkil edirdi.
Şirkətin məlumatına görə, hesabat rübündə məlumat mərkəzləri üzrə gəlirləri illik müqayisədə 110 faiz artaraq 107,6 milyard dollara yüksəlib. “Nvidia” cari rüb üzrə gəlir proqnozunu isə 130 milyard dollar səviyyəsində müəyyən edib. Şirkət bu proqnoza Çindən əldə ediləcək məlumat mərkəzləri hesablama gəlirlərinin daxil edilmədiyini xüsusi vurğulayıb.
Hesabat dövründə “Nvidia”nın xalis mənfəəti də ötən ilin müvafiq dövrü ilə müqayisədə 105 faiz artaraq 65,3 milyard dollara çatıb. Ötən maliyyə ilinin eyni rübündə bu göstərici 31,9 milyard dollar olub. Şirkətin hər səhm üzrə mənfəəti də 1,3 dollardan 2,7 dollara yüksəlib.
Maliyyə hesabatında bildirilir ki, maliyyə ilinin üçüncü rübünün sonuna səhmlərin geri alınması proqramı çərçivəsində şirkətin təxminən 227,3 milyard dollarlıq vəsaitdən istifadə etmək səlahiyyəti qalıb.
Bundan əlavə, “Nvidia”nın növbəti rüblük dividend ödənişi çərçivəsində hər səhmə görə 25 sent dividend dekabrın 23-də, dekabrın 2-nə olan səhmdarlar siyahısında qeydiyyata alınmış investorlara ödəniləcək.
Şirkətin müvəqqəti baş icraçı direktoru və maliyyə direktoru Kolet Kress maliyyə nəticələrinə dair açıqlamasında “Nvidia”nın real inkişaf sürəti əldə etdiyini bildirib. O, şirkətin “Vera Rubin” platformasının bazara uğurlu və sürətli giriş etdiyini vurğulayaraq deyib: “Yol xəritəmiz planlaşdırıldığı kimi irəliləyir və hədəflərimiz heç vaxt olmadığı qədər böyükdür”.